Xristianların müqəddəs hesab edib və hər il ziyarət etdikləri Qüds şəhəri müsəlmanların əlində olduğu üçün katolik kilsəsinin nümayəndələri bu şəhəri işğal edib Roma papasının hakimiyyəti altına gətirmək niyyəti ilə yaşayırdılar. Lakin bu fikri həyata keçirmək üçün əlverişli şərait və siyasi bir zəmin meydana gəlməmişdi. Deməli, gələcəkdə Xaç yürüşlərinin meydana gəlməsinə şərait yaradan ən mühüm səbəb Qüdsü ələ keçirib xristianların bir mərkəziyyətinə çevirmək və bununla da müsəlman dünyası qarşısında böyük bir sədd çəkmək məqsədi idi. Əgər bu həll olunardısa artıq İslamın tərəqqisinin qarşısı alınmış və xristian kilsəsinin Yaxın Şərqdə geniş şəkildə yayılması imkanı əldə olunmuş olurdu. Bu səbəb Avropanın siyasət adamları üçün də çox əlverişli olurdu, çünki onlar bu yürüşlər nəticəsində yeni-yeni torpaqlar ələ keçirib öz qüdrətlərini möhkəmlədirdilər.
X-XI əsrlər arası müsəlman dünyasında önəmli siyasi dəyişikliklər baş verdi. Mərkəzi Asiyadan Səlcuq türkləri Xorasan yolu ilə qərbə doğru irəliləməyə başladılar. İslam dinini qəbul etmiş Səlcuq türkləri xilafətin böyük ərazilərini ələ keçirib öz sultanlıqlarını yaratmağa başladılar. Yaxın Şərqdə Səlcuq sultanlıqlarının yaranması Abbasi xilafətinin əsaslarını sarsıtdı. Xilafətin, İran, Suriya, İraq kimi böyük əraziləri səlcuqilərin əlinə keçdi. Eyni zamanda səlcuqilər Anadoluya da hücumlar edərək burada özlərinin Konya sultanlığını yaratdılar. Müsəlman Səlcuqlar Anadoluda Mərmərə dənizinə çatana qədər bütün əraziləri ələ keçirtdiklərinə görə Xristian Bizans imperiyası çox böyük bir təhlükə ilə üzləşdi. Buna görə də Bizans imperatoru Aleksios Komnenus katolik xristian dünyasının papası II Urbana tez-tez elçilər göndərərək, bu təhlükənin böyüklüyünü anladaraq ondan təkrar-təkrar yardımlar istəmişdi. Bizans ortodoks kilsəsi ilə katolik kilsəsi arasındakı ixtilafa baxmayaraq, səlcuqilərin yaratdığı bu təhlükə onları ittifaqa gəlməyə məcbur etmiş və papa II Urbanı bu məsələ barəsində tədbirlər görməyə vadar etmişdi.
Xaçlıların Anadoluya ilk yürüşləri ərəfəsində Anadolu Konya sultanı Qılınc Arslanın (1092-1107) idarəsi altında idi. Xaçlılar ilk olaraq Konya sultanlığına hücum edərək bir aylıq mühasirədən sonra Qılınc Arslanın qüvvələrini məğlubiyyətə uğradıb, bu ərazini yenidən işğal etdilər. Bununla da Anadoluda başlamış İslami fəthlərin müddəti bir neçə əsr yubadıldı.
Sonra Xaçlılar hücumları davam etdirərək Antakiyaya basqın etdilər. O zaman Antakiya Səlcuq sultanı Məlikşahın təyin etdiyi Yağı Siyanın hakimiyyəti altında idi. Şəhərdə olan müsəlmanlar qəhrəmanlıqla şəhəri xristianlardan müdafiə edirdilər. Lakin bir erməninin xəyanəti nəticəsində Xaçlılar şəhərə daxil ola bildilər, şəhər Xaçlıların böyük komandanlarından olan Bohsmondun əlinə keçdi.
Xristianlar cənuba doğru yürüşləri davam etdirərək 1099-cu ildə müqəddəs Qüds şəhərinə basqın etdilər. Bir ay davam edən şiddətli mübarizədən sonra nəhayət xristianlar şəhərə daxil oldular. Xristianlar burada yerli müsəlmanlara qarşı son dərəcə vəhşiliklər törətməyə başladılar. Onlar uşağa, qocaya, qadına heç kimə aman vermədən hamını qılıncdan keçirirdilər. Xaçlıların müsəlman şəhərlərini işğal etdikdən sonra törətdikləri vəhşiliklər onların dinimizə və ümmətimizə qarşı içlərində əsrlər boyu yaşatdıqları kin və düşmənçiliyin bariz bir nümunəsi idi. O zaman müsəlman ümməti necə də vəhşi bir əxlaqa sahib olub, insani dəyərlərdən uzaq olan qövmün əsarətinə düşdüklərini anladılar. Müxtəlif əqidələrdən və müxtəlif siniflərdən təşkil olunmuş böyük kütlənin necə də məqsədyönlü şəkildə bir araya gələrək müsəlman dünyasını məhv etmək niyyətləri artıq müsəlmanlara bəlli olmuşdu. Məqsədyönlü şəkildə aparılan xaçlı səfərlərindən sonra xristianlar tez bir zamanda bu ərazilərdə dövlətlərini qurmağa başladı. Onlar Antakiyada Antakiya, Qüdsdə Qüds, Edossada Edossa krallıq və prensliklərinin əsasını qoydular. Xristianlar öz krallıqlarının əsasını qoyduqdan sonra müsəlmanları şiddətlə sıxışdırmağa başladılar. Qüds krallığı xristianların mərkəzinə çevrilmiş, digər kontluqlar və prensliklər isə Qüdsə tabe olan muxtar idarəçilik formasında idilər.
Lakin xaçlıların bu ərazilərdə hegemonluğu, müsəlmanlarda böyük mənəvi təsirlər qoyaraq, öz əqidələri və torpaqları uğrunda mübarizəyə qalxmaq hissini oyadırdı. Xaçlı dövlətlərinə qarşı ilk mübarizə və üsyan Mosul Atabəyi İmaduddin Zənginin adı ilə bağlıdır. Sultan Məlikşahın türk soyundan olan bir köləsinin oğlu olan Zəngi, Hələb, Hərran və Mosulda özünə bir bəylik yaratmışdı. Zəngi xaçlılara qarşı mübarizəyə qalxaraq 1144-cü ildə Edossa (Urfa) şəhərini xaçlılardan azad edib ilk xaçlı dövlətinin varlığına son qoydu. Zənginin qələbəsi xaçlılara qarşı mübarizə ruhunu müsəlmanlar arasında daha da alovlandırdı. Lakin Zənginin bu qələbəsi Alman kralı Konrad və Fransa Kralı VIII Luisi müsəlmanlra qarşı təşkil etdiyi ikinci xaç yürüşü (1147-1149) ilə eyni bir zamana düşürdü.
Din uğrunda cihad edən Zənginin Suriya torpaqlarında mübarizəsini oğlu Nuruddin Mahmud davam etdirdi. Nuruddin özünü atasından da mübariz göstərərək Antakiyada bir çox əraziləri xristianlardan almış və onun hakimi III Bohemondu Tripolidəki müttəfiqi III Raymond ilə birlikdə əsir almışdı.
Lakin xristianlar qarşısında müsəlmanların mübarizəsinin ən mühüm dövrü Səlahəddin Əyyubinin adı ilə bağlıdır. Səlahəddin Əyyubinin mübarizəsi demək olar ki, xristianların məhvinə səbəb olmuş və onların bu ərazilərdən çıxarılmaları ilə nəticələnmişdi.
Səlahəddin müsəlman ümmətindən böyük güclü bir dövlət yaratdıqdan sonra xristianlara qarşı qızğın mübarizəyə girişdi. 1187-ci ildə Səlahəddinlə xaçlılar arasında bağlanmış əhdnaməni pozaraq müsəlmanlara qarşı vicdansızlıq edən və dini əhaliyə əziyyət etmiş xaçlıların bir lideri olan Reginoldu əsir alıb öldürdükdən sonra xristianlara böyük zərbə vuruldu. Nittində müsəlmanların qazandığı bu böyük qələbə xaçlıların sonunu müəyyən edən bir döyüş oldu. Bir həftə sonra əzəmətli müsəlman ordusu Qüds şəhərini qəsbkar xaçlıların əsarətindən azad etdi. Məscidül-Əqsada yenidən müəzzinlərin azan səsi, kilsə zənginin səsini əvəz etdi. Qüdsün azad edilməsi Xaçlı krallığının məhv edilməsi və İslamın böyük zəfəri idi.
Müqəddəs Qüds şəhərinin müsəlmanların əlinə keçməsi bütün Avropanı ayağa qaldırdı. Krallar arasında olan daxili çəkişmələr kənara qoyuldu. Almaniya imperatoru Fridrik Barbarossa, İngiltərə kralı aslan ürəkli Riçard və Fransa kralı Filif Üçüncü Xaçlı Səfərinə (1189-1192) başladılar.
İngiltərə kralı Riçardla Səlahəddin arasında gedən qızğın mübarizələrdə Səlahəddin çoxlu qəhrəmanlıqlar nümayiş etdirmişdi. Bu mübarizə 1192-ci ilə qədər davam etmiş və Səlahəddinlə Riçard arasında sülhnamə ilə nəticələnmişdi. Bu sülhnaməyə əsasən dəniz kənarı ərazilə xaçlılara qalan içəri ərazilər isə müsəlmanlara aid edilmiş və xristianlara Qüdsü öz məzhəblərinin qanunlarına əsasən ziyarət etmək icazəsi verilmişdi.
Səlahəddin Əyyubi böyük dövlət xadimi olmaqla yanaşı həm də böyük din xadimi idi. O, alimlərə çox hörmətlə yanaşar, fiqh, kəlam, hədis kimi dərin İslami elmlərlə məşğul olardı.
Lakin müsəlmanlar arasında xaçlılara son zərbəni vuran Misirdə hakimiyyətə gəlmiş məmlüklərin dördüncü sultanı əl-Məlikuz-Zahir Sultan Baybars olmuşdur (1260-1277).
Sultan Baybarsın hücumları nəticəsində xristianların əlində qalan bütün məntəqələr bir-bir müsəlmanlara təslim olurdu. 1263-cü ildə Sultan Baybars əl-Kərək şəhərini ələ keçirdi. 1265-ci ildə isə Qeysəriyyə liman şəhərini ələ keçirdi. Baybarsın hücumları xaçlıların əzmini tamamilə qırmışdı. Sultanın ölümündən sonra mübarizəni varisi Kalavun davam etdirdi. Beləliklə, işğalçı xarakterli xaçlı səfərləri sona çatdı. Müsəlmanlar ardı-arası kəsilməyən böyük işğaldan qurtardılar. Lakin bu yürüşlər nəticəsində xaçlılar böyük İslam mədəniyyəti ilə tanış oldular. Nəticədə İslam mədəniyyəti Avropa mədəniyyətinin formalaşmasında misilsiz tövhələr verdi.
Комментариев нет:
Отправить комментарий