понедельник, 22 августа 2011 г.

hezreti Əlinin(ə.s) şəhadəti


a
Müttəqilərin mövlası, elm və hikmət çeşməsi Həzrət Əli ibn Əbutalib hicrətin 40-cı ili ramazan ayının 19-u çərşənbə günü Kufə məscidində qılınc zərbəsi ilə başından yaralanmış, 21-i cümə gecəsi isə şəhadətə çatmışdır.
O, Həzrət Peyğəmbərin peyğəmbərliyini izhar etməmişdən əvvəl on və ya on iki il ömür sürmüş, 23 il isə Peyğəmbərlə bərabər olmuşdur. Həzrət Rəsuli-Əkrəmdən sonra 30 il yaşamışdır. Şəhadətə yetişdiyi vaxt 63 və ya 65 yaşı var idi.
Həzrət Əli (ə) uşaqlıq çağlarında da Həzrət Peyğəmbər ilə bir yerdə olmuş və onun gözəl əxlaqı ilə əxlaqlanmışdır. Həzrət Mühəmməd (s) Allah tərəfindən peyğəmbərliyə seçildikdə də ona ilk iman gətirən şəxs Əli əleyhissəlam olmuşdur.
Peyğəmbərlə olduğu illərdə də həmişə onun arxası olmuş, ən çətin günlərdə ona ən yaxşı yardımçı olmuşdur. Bütün əhli-sünnə və şiə mənbələri o böyük şəxsiyyətin fəzilətləri ilə doludur. İslam yolunda göstərdiyi rəşadət və igidliklər də misilsizdir.
Peyğəmbər o Həzrətə xitab edərək buyurmuşdur: “Ey Əli! Sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir, lakin məndən sonra peyğəmbər yoxdur. Sən dünyada axirətdə mənim qardaşımsan”.
Deməli, əshabə içərisində Peyğəmbərə ən yaxın olan şəxs Əli (ə)-dır ki, onu özünün dünya və axirət qardaşı hesab etmişdir. Əli (ə)-dan başqa bu məqam və fəzilət heç kimsəyə nəsib olmamışdır.
Rəsuli-Əkrəm bir çox hədislərində Həzrət Əli (ə)-ın şəhadətinə də işarə etmiş, onu öldürəcək şəxsin dünyanın ən pis insanı olacağını qabaqcadan xəbər vermişdir.
Nəsai öz mötəbər sənədi ilə Əmmar ibn Yasirdən bu hədisi nəql etmişdir. Əmmar demişdir ki, mən Əli (ə) ilə bərabər bir döyüşdə idim. Allah Rəsulu “İnsanların ən pisi olan iki nəfər haqqında sizə məlumat verimmi? – dedi. Biz, “Bəli, ey Allah Rəsulu!” – dedik. Həzrət Peyğəmbər: “Birincisi, Səmud qövmündən olub Saleh peyğəmbərin dəvəsini öldürən Uhaymir, o biri sənin burandan vurub qanını buraya qədər axıdan kəsdir” – buyurdu və əli ilə Həzrət Əli (ə)-ın başı ilə saqqalını göstərdi.
Xəlifə Osman ibn Əfvandan sonra Həzrət Əli (ə) müsəlmanların təkidi ilə zahiri xilafətə yetişdi. Osmanın xilafəti dövründə yaranmış hərc-mərclik nəticəsində xilafətdə çaxnaşma və pərakəndəlik yaranmışdı. Əli (ə) xəlifə olduqdan sonra pərakəndəliyi aradan götürmək məqsədi ilə daxildə islahat işləri aparmağa başladı, lakin Həzrət bu islahat əsnasında çoxlu maneələrlə rastlaşdı.
Bu maneələrdən biri də xəvaric hərəkatı idi. Onlar Siffin döyüşü zamanı Həzrət Əli (ə)-dan ayrılmış və onun xilafətinə qarşı mübarizə aparmışdılar. Xəvariclər həddən artıq düşüncəsiz, quru və zahiri ibadətlərə meyil edib həqiqəti anlamayan insanlar idi. Həzrət Əli (ə) onların İslam üçün nə qədər təhlükəli olduğunu nəzərə alaraq onlarla ciddi bir mübarizəyə başladı. Həzrət Nəhrəvan döyüşündə demək olar ki, onların əsas qüvvələrini aradan aparıb İslam dünyasını bu böyük təhlükədən xilas etdi. Xaricilərə divan tutulması və onların törədəcəyi fitnənin gözünün Həzrət Əli (ə) tərəfindən kor edilməsi onlarda o Həzrətə qarşı düşmənçilik hissini oyatdı.
Təbəri və İbni Əsir öz tarixlərində Həzrət Əli (ə)-ın şəhadətinin səbəblərini belə izah edirlər. Əbdürrəhman ibn Mülcəm Muradi, Həccac ibn Abdullahi Teymumiyyi Sarimi, Əmr ibn Əbubəkr Teymumiyyi Sədi bir yerə toplaşdılar. Onların üçü də xarici idilər. Onlar xalqın arasına düşən ixtilafdan danışdılar. Bu ixtilafın törədicilərinin hakimlər olduğunu deyib, onları aradan aparmaq niyyətinə gəldilər.
İbn Mülcəm Əli (ə)-ın öldürülməsini öz üzərinə götürdü. Bərkə adı ilə tanınmış Həccac ibn Abdullah, Müaviyəni, Əmr ibn Əbubəkrə isə Əmr Ası qətlə yetirəcəyini bildirdi.
Onlar üçü də öldürməyi əhd etdikləri adamları öldürmədikcə, yaxud bunun uğrunda ölmədikcə öz qərarlarından dönməyəcəklərinə söz verdilər. Onlar ramazan ayının on doqquzuncu günü sabah vaxtı bu işi görməyi qərarlaşdırdılar.
İbn Mülcəm Kufəyə gələrək öz məzhəbdaşları ilə görüşdü, lakin görəcəyi iş barədə kimsəyə bir söz demədi.
Bir gün İbn Mülcəm öz məzhəbdaşlarının birinin evində Qutam adlı gözəl bir qadın gördü. İbn Mülcəm onunla evlənmək istədiyini söylədi. Qadın öz mehriyyəsinin çox ağır; üç min dirhəm, bir qul və bir də Həzrət Əli (ə)-ın öldürülməsi olduğunu dedi, lakin İbn Mülcəm Əli (ə)-ın öldürülməsi şərtini yerinə yetirə biləcəyini söylədi. Qutamın atası və qardaşı Nəhrəvanda Əli (ə) tərəfindən döyüşdə öldürülənlərdən idi. İbn Mülcəmin onu öldürməsini öz üzərinə götürməsi onu çox sevindirdi və öz qövmündən Vərdan adlı bir şəxsi də ona köməkçi təyin etdi.
Bu zaman Əşca qəbiləsindən olan Şəbib adlı bir şəxs İbn Mülcəmin yanına gəlmişdi. İbn Mülcəm ona “Dünyada və axirətdə ucalmağını istəyirsənmi?” – dedi. Şəbib onun nə demək istədiyini soruşduqda, o Həzrət Əli (ə)-ı öldürəcəyini söylədi. Şəbib: “Anan vayına otursun. Əlini necə öldürəcəksən? Sən onun keçmişini, necə müsəlman olmasını, şərəfini, digərlərindən üstünlüyünü, ilk müsəlman olduğunu bildiyin halda onu necə öldürə bilərsən?”
İbn Mülcəm ona Nəhrəvanda öldürülənləri xatırlatdı. Orada ölənlərin qisasının alınmasının vacib olduğunu bildirdi. Şəbib onun sözlərinə aldanaraq ona qoşuldu. Onlar çərşənbə gecəsi Kufə məscidinə gedərək, Həzrət Əli (ə)-ın gələcəyi yerdə gizləndilər.
Bütün qaynaqlara əsasən hicrətin 40-cı ili ramazan ayında Həzrət Əmirülmöminin bir gecə Həzrət Həsənin, bir gecə Həzrət Hüseynin, bir gecə də Həzrət Zeynəbin evində iftar edərdi. Lakin hər yerdə iftar zamanı üç tikədən artıq bir şey yeməzdi. O, “Mənim üçün mədənin dolu olmadığı ac olduğum bir halda Allah hüzuruna getmək sevimlidir”, – deyərdi.
Həzrət Əli (ə) bu ilin ramazan ayında tez-tez yaxınlarına onlardan ayrılıb Allahın görüşünə gedəcəyindən danışar və ilahi rəhmətə qovuşacağına görə sevinərdi.
Hətta ramazan ayının birinci günü bir xütbəsində belə buyurub: “Ramazan ayı daxil oldu. O, ayların ən üstünü, ilin əvvəlidir. Bilin ki, gələcək ramazanda artıq mən sizin aranızda olmayacağam”.
Həzrət Həsən (ə) belə buyurub: “Atamın yaralandığı sabah, sübh açılmağa başlamışdı. Atam namaz qılırdı. Mənə dönərək: “Ey oğul! Bu gecə yuxuda Həzrət Rəsuli-Əkrəmi gördüm. “Ey Allahın Rəsulu! Sənin ümmətindən pislikdən düşmənçilikdən başqa bir şey görmədim”, dedim. Həzrət Rəsuli-Əkrəm “Onlara bəd dua et! buyurdu. Mən , “Ey Allahım! Məni onlardan daha xeyirli olanlara qovuşdur, onlara isə çox pis birini hakim et”, deyərək dua etdim”.
Həqiqətən də, Həzrət Əli (ə)-dan sonra Bəni-Üməyyə sülaləsi hakimiyyət başına gəldi. Onlar istədikləri kimi bu ümmətlə davranmağa başladılar. Həzrət Əli kimi ədalətli hakimə qarşı çıxanlar sonunda bu xanədanın kölələrinə çevrildi. Onlar da istədikləri kimi bu ümməti idarə etməyə başladılar.
Təbəri və İbn Əsirin rəvayətlərinə görə Həzrət Əli (ə) həmin sabah məscidə getmiş və xalqı “Namaz, namaz” – deyərək sübh namazına dəvət etmişdi.
Bu arada Şəbib, Həzrət Əli (ə)-a bir qılınc zərbəsi yönəltdi, lakin qılınc məscidin qapısına dəydi. Bundan sonra ibn Mülcəm: “Ey Əli! Hökm Allahındır. Sənin və sənin adamlarının deyil”, – deyə bir qılınc zərbəsi vurdu. Qılınc Həzrət Əlinin düz başının ortasına dəydi. Bu zərbədən sonra Həzrət, “And olsun Kəbənin Rəbbinə ki, qurtuldum muradıma çatdım”, – deyə buyurdu.
Həzrət Əlinin namaz qılarkən və ya namazdan əvvəl vurulduğu haqqında ixtilaf vardır. Məşhur rəvayət sübh namazının birinci səcdəsinə gedərkən vurulduğunu bildirir.
Həzrət Əli vurulan zaman bütün məscid əhli bir-birinə dəydi. “Möminlərin əmirini vurdular, hidayət çırağı söndü”, – deyə qışqırıb haray-həşir salmağa başladılar.
Həzrəti məsciddən öz evinə apardılar.
Bu zaman Həzrəti yaralayan İbn Mülcəmi onun hüzuruna gətirdilər. Həzrət Əli üzünü ona tutaraq dedi: “Ey Allahın düşməni, mən sənə yaxşılıq etmədimmi, mən sənin üçün yaxşı bir əmir deyildimmi?
Sonra oğlu İmam Həsənə dönərək: “Ey oğlum, o mənə bir qılınc zərbəsi vurdu. Əgər ölərəmsə, sən də onu bir qılınc zərbəsi ilə öldür, çünki mən Allah Rəsulundan eşitdim ki, deyirdi: “İşgəncə ilə öldürməkdən çəkinin, qudurmuş köpək də olsa, əziyyətlə öldürməyin”.
Nubatə ibn Əsbəğ deyir ki, biz hamımız Həzrətin evini dövrələyib oturmuşduq. Həzrət Həsən (ə) evdən çıxıb dağılışmağımızı tələb etdi. Camaat getdi, lakin mən qaldım. Evdən ağlaşma səsləri ucalırdı. Həzrət Həsən yenə çıxıb “Sizə evlərinizə gedin demədimmi?” – dedi. “And olsun Allaha, möminlərin əmirini görməsəm, getməyəcəyəm”, – dedim.
Sonra o Həzrətin hüzuruna girdim. Möminlərin əmiri bir yastığa söykənmişdi. Çoxlu qan itirdiyindən üzü saralmışdı. Əyilib üzündən öpdüm və ağladım. İmam buyurdu: “Ey Əsbəğ, ağlama. Həqiqətən, mən Cənnətə doğru gedirəm”.
“Ey möminlərin əmiri! Sənin Cənnətə gedəcəyini yəqin bilirəm, lakin səni itirdiyim və səndən ayrıldığım üçün ağlayıram”, – dedim.
Həzrət ramazan ayının 21-ci gecəsi şəhadətə yetişdi. Qurtuluş və nicat gəmisi batdı, elm və hidayət çırağı söndü.
O Həzrətdən sonra oğlu İmam Həsən (ə) müsəlman ümmətinin imamı oldu.

quranda tefekkure verilen yer



İnsan öz iradəsindən asılı olmayaraq təfəkkür etməyə məcbur olan bir varlıqdır. Yəni heç bir zaman, bir an da olsun belə, təfəkkür və düşüncəni özümüzdən uzaqlaşdıra bilmərik. İnsan vücudunda bəzi keyfiyyətlər və xüsusiyyətlər onun iradəsindən asılı, bəziləri isə onun iradəsindən asılı deyildir. Onun xilqəti ilahi qüdrət tərəfindən qoyulduğu üçün, fikir və düşüncə üzərində yoğrulubdur. Təfəkkürsüz insanın yaşaya bilməsi dözülməz bir hadisə olduğu kimi, onun insana əta olunması da böyük əhəmiyyət kəsb edir. Buna görə də Qurani-Kərimin ayələrinə, Peyğəmbər (s) və Əhli-Beyt (ə) imamlarının hədislərinə diqqət yetirsək, görərik ki, mənbələrdə təfəkkürə çox böyük dəyər verilmişdir. Allah insanı bu nemətdən istifadə edərək kainat aləmində və öz vücudunda həkk olunmuş ilahi qüdrət nişanələrini düşünərək görməyə çağırmışdır. Eyni zamanda insanın xilqəti də ətraf aləm ilə bir uyğunluq və tənasübdə yaradılmışdır. Biz insanlar ətraf aləm ilə çox dəqiq bir şəkildə qoyulmuş qanuna tabe olaraq ünsiyyətdəyik. Fikir və düşüncəmiz də cismimiz kimi hər an ətrafda bizi əhatə edən aləmlə ünsiyyətdədir. Deməli, kainatda gedən proses və hadisələr bizim düşüncəmizin fəaliyyətində böyük təsirlər qoymaqdadır.
 Qurani-Kərimin də bəşərə etdiyi xitablara nəzər salsaq, görərik ki, o da bizim nəzərimizi kainat aləmində cərəyan edən və hər an bizimlə ünsiyyətdə olan hadisələrə yönəldib, həqiqətləri düzgün şəkildə əks etdirməyimizi tələb edir. Allah Quranın Fussilət surəsinin 53-cü ayəsində buyurur: “Quranın haqq olduğu onlara bəyan olsun deyə, biz öz ayələrimizi (nişanələrimizi) onlara, həm xarici aləmdə, həm də onların öz vücudunda mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!” Bu ayə, insan əqlinə və düşüncəsinə xitab edərək, onun Allahın kainatda və onun vücudunda qoyulmuş nişanə və ayələri görməyə və onların hikməti barəsində düşünməyə çağırır.
 Ali-İmran surəsinin 190-191-ci ayələrində isə belə buyurulur: “Həqiqətən, göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsində, ağıl sahibləri üçün qəti dəlillər vardır. O kəslər ki, ayaq üstündə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzablarından qoru!”
 Deməli, Quranın məntiqinə əsaslanaraq söyləmək mümkündür ki, insanın sağlam ruhda formalaşması üçün onun göylər və yer aləmində gedən hadisələr barəsində təfəkkür etməsi lazımdır. Bu şeylər üzərində Quranın təfəkkür etməyə dəvət etməsinə gəldikdə isə, deməliyik ki, əgər insan kainatda və öz vücudunda baş verən hadisələrdə düşünməsə, onun üçün həyatında və yaşayışında heç bir məna olmayacaqdır. Çünki həyatın mənasının kəsb olunması, varlıq aləminin yaradılış qayəsinin tanınmasına və öyrənilməsinə bağlıdır. Deməli, varlıq aləmi içərisində insanları hidayət edən, elm öyrədən bir məktəb, bu aləmdə təzahür edən ilahi qanunlar isə bir tədris proqramıdır. İnsan öz yaradılışının mənasını anlamaq üçün mütləq bu məktəbə daxil olmalı və öz müəlliminin göstərdiyi yol ilə getməlidir. Yox, əgər insan bu varlıq aləminin bir məktəb olmasına etiqad etməzsə, burada baş verənlər barəsində düşünməyəcək və həyatın mənasını anlamadan bihudə və mənasız bir həyat sürəcəkdir. Deməli, Quranın məntiqilə desək, göylər və yer aləmi barəsində edilən təfəkkür sonda insanı bir hikmətli sənətkarın hədəfli işinə doğru hidayət edəcəkdir. Çünki içində hikmət və elm nişanələri əks etdirən hadisələrlə, təsadüflər və müəyyən bir nizama tabe olmayan işlərin bir-birindən ayrılması zehni təfəkkürün də nəticəsi ilə hasil olan bir həqiqətdir. Biz əgər, bizi əhatə edən aləmə hər hansı bir mövcudun müdaxiləsini dərk etsək, başdan-başa hikmət dolu sirlər və müəyyən bir hədəfə xidmət edən mənalar görərik. Məsələn, hər hansı bir meyvə ağacı öz yetişdirdiyi meyvəsi ilə bir hədəf və məqsədə xidmət edir. O, öz işiylə ağıl sahibi olan insanları işində düşünüb nəticə hasil etməyə dəvət edir. Sanki öz işi ilə deyir: “Ey insan, sənin üçün hasil etdiyim bu ləziz və gözəl görünüşlü qida barəsində düşün. Onun nə qədər böyük zəhmətlər hesabına, öz elmim və ağlımla torpağın içində olan faydalı maddələrdən soraraq, sənin üçün gözəl bir qida olsun deyə yetişdirdiyimi unutma. Bununla mən ilahi qüdrətin məna əta etdiyi nizam və hikməti zahir etməkdən başqa bir iş görmədim. Bu işimlə sənə kainat aləmində hər bir işin əbəs yerə deyil, sonsuz bir qüdrətin tərtib etdiyi dəqiq bir nizama tabe olduğunu və müəyyən bir hədəfə xidmət etdiyini anlatmaq istədim.”
 Ən kiçik zərrədən tutmuş ən böyük kainat cisimlərinə qədər hər bir mövcud özünəməxsus bir dillə hər an insan ağlına və təfəkkürünə xitab etməkdədir.
 Qeyd etdyimiz ayələrin məzmununu və misalları müzakirə etdikdən sonra bizdə belə bir qənaət hasil olur ki, Quranın məntiqinə əsasən kainatda heç bir şey əbəs və təsadüfi deyildir. Bu məntiqin insan düşüncəsində hasil olması isə, onu qərəzsiz və məhdudiyyətsiz bir əqlə söykənən sağlam təfəkkürə bağlayır. Deməli, göylər və yer aləmində təfəkkürün nəticəsi olaraq insan, kainat aləminin əbəs və bihudə yerə deyil, müəyyən bir hikmət və məqsəd üzündən xəlq olunduğunu dərk edir. Budur insanın ətraf aləm barəsində düşündüyü zaman əldə etdiyi birinci qənaət. Lakin Quran insandan kainat aləmi üzərində düşünərək bu qənaətə gəlməsi ilə bərabər digər bir şeyi də tələb edir. Bu, insanın öz düşüncəsi sayəsində varlıq aləmini bürüyən hikmət nişanələrindən özünə bir nəticə hasil etməsidir. Yəni ətraf aləmi və varlığımızı əhatə edən bu hikmət çalarları bizə nəsihət edərək, həyatımızda bir dönüş yaratmalıdır. Allah Quranın Rum surəsinin 8-ci ayəsində buyurur: “Məgər onlar öz nəfsləri üzərində və Allahın göyləri, yeri və onların arasındakıları haqq və ədalətlə müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.”
 Gördüyümüz kimi, Quran göylər və yer aləminin mütləq haqq və ədalətlə yaradıldığını bəyan etməklə yanaşı, onun müəyyən bir müddətə qədər davam edəcəyinə də işarə edir. Yəni gördüyümüz kainata hakim olan nizam bir gün digərilə əvəz olunacaq. Dünyaya hakim olan nizam isə müvəqqətidir. Deməli, Quran öz məntiqilə insana kainatda hakim olan nizamın müvəqqəti olması və dünya həyatının da bir gün sona yetəcəyini anladaraq, bununla da, ona daimi bir nizamın hökm sürəcəyi, əbədi bir həyatın olacağını anlatmaq istəyir. Doğrudan da, insan əgər bu təfəkkürlə varlıq aləminə nəzər yetirsə, burada özünün müvəqqəti olduğunu anlayacaq və kainatın da bir gün ayrılacağı bir məkan olduğunu dərk etmiş olacaqdır. Bir hikmət üzündən qurulduğunu bildiyi üçün qarşıda nemətlərlə dolu sonsuz bir həyatın var olduğunu dərk edəcəkdir. Buranın da mahiyyətinin nə olması barəsində təfəkkürə səsləndiyimiz zaman anlayırıq ki, o, bizə qarşıda yeni bir həyatın olmasını bildirməkdir. Deməli, göylər və yer aləmində təfəkkür etməyin nəticəsi olaraq, insan dünya və axirət arasında bir körpü salmaq qüdrətini əldə edir. İnsan dünyanın deyil, axirətin əsl hədəf olduğunu anlamasını bu məqsədə doğru addımlamaqla nümayiş etdirmiş olur. Necə ki, Allah yuxarıda qeyd etdiyimiz ayənin sonunda insanların əksəriyyətinin öz gələcək həyatlarını inkar etdiklərini bildirir. İnsanların əksəriyyətinin bu əqidəyə sahib olmalarını onlar göylər və yer aləmində baş verən proseslər barəsində təfəkkür etməmələrindən irəli gəldiyini söyləyir. Çünki əgər insan heç bir məhdudiyyət olmadan azad şəkildə varlıq aləmi barəsində düşünərsə, mütləq onda bir dönüş yaranacaq və axirətin məqsəd olduğunu biləcəkdir. Bu da insani Rəbbilə görüş gününə hazır olmağa sövq edərək bu yolda ciddiyyətlə səy etməsinə səbəb olur. Lakin bəzi insanlar Quranın bu xitabına məhəl qoymadan hər gün Allahın yaratdığı nişanə və ayələrin yanından etinasız şəkildə keçirlər. Onlar öz həyatlarını kor və nəticəsiz bir məntiq üzərində quraraq, özlərini və onlara tabe olan insanların həyatlarını bu müvəqqəti dünya ilə məhdudlaşdırmaqla puç edirlər.Belə insanlar gülünc və dəyərsiz bir həyat yaşayıb, özlərini zamanın dəyərsiz işlərinə məftun edərək yazıq və məzlum bir vəziyyətə gətirmişlər.
 Deməli, insan Quranın göstərdiyi yola tabe olub, güclü təfəkkürə söykənərək, varlıq aləmində düşünməzsə, həyatını necə qurması barədə düzgün bir nəticəyə gələ bilməz. Bu zaman insan şeytanın və nəfsinin ona gözəl göstərdiyi şeyləri məqsəd bilib, Allahın ona əta etdiyi ömür kimi gözəl bir neməti belə mənasız və puç şeylərin yolunda sərf edəcəkdir. Allah belə insanların yetişəcəkləri son nəticəni bəyan edərək buyurur: “O gün zalım (küfrə düşməklə özünə zülm edən şəxs) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki mən peyğəmbər vasitəsilə doğru bir yol tutaydım, vay halıma kaş ki filankəsi özümə dost etməyəydim. And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan o, sındırdı. Şeytan insanı yalnız buraxar.”
 Deməli, düzgün təfəkkürün hasil etdiyi yolu özünə məqsəd bilməyib, şeytanın və nəfsinin ona məqsəd kimi göstərdiyi biliyin ardınca gedən insan özünə zülm etmişdir və aqibəti də budur. O, qiyamət günü həsrətdə qalar və şeytanlarla dostluq etdiyinə görə son dərəcə peşmançılıq çəkər. Lakin bu peşmançılığın onun həyatı üçün heç bir faydası olmaz. O, dünyada azad buraxılmış və ona hadisələri düzgün təhlil edərək, onlardan ibrət almaq gücü verilmişdir. Lakin o, nəfsinin istəyinə tabe olaraq, bu nemətdən istifadə edə bilməmişdir. Buna görə də Quran insanı həyatın bu acı nəticəsindən xilas etmək məqsədilə dünyadan ibrət və nəsihət almağa səsləyir.
 Elə bu səbəbə görə də Peyğəmbərimizdən söylənilən hədislərdə də təfəkkürə çox böyük qiymət verilmişdir. Bir hədisində o həzrət belə buyurur: “Bir saat təfəkkür etmək 60 illik ibadətdən fəzilətlidir.” Bu hədisilə peyğəmbər həzrətləri (s) təfəkkür nəticəsində yuxarıda söylədiyimiz nəticələrin hasil olacağına işarə edir. Çünki təfəkkür nəticəsində insan həqiqətdə kim üçün ibadət etdiyini anlayır. Belə bir insanın ibadəti də düşünülmüş və məqsədyönlü olar. Təfəkkürsüz ibadət isə insanın həyatında məqsədyönlü bir nizam yarada bilmir və ibadətin əsl qayə və hədəfini anlamaqdan məhrum edir.
 Deməli, insan Quran və hədislərə əsaslandığı təqdirdə dünya və axirət səadətini qazanacaq. Əsl həyat düşüncə və təfəkkürə söykənən həyatdır.