пятница, 8 августа 2014 г.

FUZEY İBNİ ƏYAZIN TÖVBƏSİ

Füzeyl ibn Əyaz rical (və hədis) kitablarında mötəbər rəvayətçi kimi qələmə verilmişdir. O, imam Sadiqdən (ə) hədislər nəql etmiş və məşhur zahid kimi tanınmışdır. O, ömrünün sonunda Kəbə evinin ətrafında yaşayırdı və Aşura günü vəfat etmişdir.
Füzeyl ibn Əyaz cavanlığında yol kəsən və oğru idi və camaat ondan qorxurdu. O, bir kənddən keçərkən bir qızı görür və ona aşiq olur. Bu qızın eşqi onu evin divarından dırmaşmağa belə məcbur etmişdi. O, öz vüsalına nail olmaq məqsədilə hər yola əl atırdı. Bu zaman ətraf evlərin birində arif bir şəxs Quran oxuyurdu:
«أَ لَمْ یَأْنِ لِلَّذِینَ آمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِکْرِ اللّهِ...»
“Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!”
Quran oxuyan şəxs yuxarıdakı ayəyə çatdıqda, bu ayə bir ox kimi Füzeylin ürəyinə sancıldı və öz daxilində yandırıcı bir ağrı hiss etdi. Beləliklə, bu ayə Füzeyldə qeyri-adi bir dəyişiklik yaratdı. O, bir az fikirə daldı, görəsən, bu danışan kimdir? Bu mesajı verən kimdir? Mənə deyir ki, ey Füzeyl oyanmaq vaxtı deyildirmi? Bu qorxulu yoldan (yol kəsməkdən) qayıt. Bu aludəlikdən və çirkinikdən özünü təmizlə. Tövbə et! Füzeylin birdən səsi ucaldı və dedi:
«بَلى وَ اللّهِ قَدْ آنَ، بَلى وَ اللّهِ قَدْ آن»
“And olsun Allaha ki, vaxt çatıbdır, and olsun Allaha ki, vaxt çatıbdır.”
O, son qərarını almışdı və geri dönərək divardan aşağa endi. Bir neçə karvanın toplandığı bir xarabalığa daxil oldu. Karvanlar hərəkət etmək məqsədilə bir-birilə məşvərət edirdilər. Onlar deyirdilər: "Füzeyl və köməkçiləri yoldadırlar. Əgər hərəkət etməsək, var-dövlətimizi əlimizdən alacaqlar və bizi qarət edəcəklər." Onların bu sözü Füzeyli yuxudan oyatdı və özünü məzəmmət etdi və dedi: "İlahi, mən nə qədər pis adamam! Bu nə bədbəxtçilikdir ki, məndə var? Gecə yarısı günah etmək məqsədilə bayıra çıxmışam və müsəlman bir tayfa mənim qorxumdan bu xarabalığa üz tutub."
Füzeyl üzünü səmaya tutdu və bu sözlər dilindən cari oldu:
«اللّهُمَّ إِنِّى تُبْتُ إِلَیْکَ وَ جَعَلْتُ تَوبَتِى إِلَیْکَ جِوارَ بَیْتِکَ الْحَرامِ...»!
“İlahi, mən Sənə tərəf qayıdıram, tövbə edirəm və bundan sonra Allahın evinin ətrafında yaşayacağam. İlahi, pis işlərimə görə çox əziyyət çəkirəm, kimsəsizəm, mənim dərdimə əlac et, ey bütün xəstəlikləri sağaldan! Ey bütün eyiblərdən pak olan! Mənim ibadətimdən ehtiyacsız olan, ey, nöqsansız Allah! Məni öz rəhmətinlə bağışla, məni nəfsimin əsirliyindən qurtar!”
Allah onun duasını qəbul etdi və onu Öz mərhəmətinə daxil etdi. Beləliklə, Füzeyl oradan Məkkəyə tərəf yola düşdü və ömrünün son günlərinə qədər orada yaşadı.