понедельник, 29 августа 2011 г.

Hüseynin(ə.s) aşurası və bidətlər


Allahu-Taala bəşər aləminə sonuncu Peyğəmbər olaraq Həzrət Mühəmməd (s)-i göndərmiş və öz dininin qanunlarını onun vasitəsi ilə insanlara bəyan etmişdir. İslam dininin bütün qanunları bəşərin cəhalətdən çıxmasına və inkişaf edərək kamil bir cəmiyyətə çevrilməsinə xidmət edir. Allaha iman gətirib və müsəlman olduğunu  iddia edən hər bir kəs bu dinin qanunlarına tabe olmalı və onun ziddinə olan hər hansı adət və ənənələrdən uzaq olmalıdır.
Ona görə də hər bir müsəlman öz dininin vacib əməllərini tanımalı, hansı işlərin onun dindən çıxmasına səbəb olacağını öyrənib bilməlidir. Bunu  bil¬mək üçün də bütün müsəlmanlar Allah tərəfindən onlara nazil edilmiş Kitaba müraciət etməli, orada Allahın müsəlmana haram və halal etdiyi işləri öyrənməlidir. Allahın kitabında olan qanun və hüquqları  təfsilatı ilə bəyan edən Peyğəmbərimizin Sünnəti də mövcuddur  ki, bununla biz dində olmayıb sonradan insanlar tərəfindən dinə gətirilmiş bir sıra xurafi adət-ənənələri tanımalı və onlara qarşı  mübarizə  aparmalıyıq.
Allah Rəsulu,  Allahın Kitabının insanlar tərəfindən düzgün başa düşülməsi və Peyğəmbər Sünnətinin bidətlərlə əvəz olunmasının  qarşısını  almaq  məqsədi  ilə  bütün  insanları  Allah  Kitabına  və Peyğəmbər sünnətini hamıdan çox agah olan Əhli-Beyt  İmamlarına  söykənmələrini  istəmişdir.
Əhli-Beyt İmamları Peyğəmbərdən  sonra dinin qanunlarına hamıdan  çox  agah  olduqları üçün İslama zidd olan cəhalət və xurafatla dolu bidətlərə qarşı həmişə mübarizə  aparmışlar. Belə bidətlərə  qarşı  mübarizə  aparan İmamlardan biri də İmam Hüseyn (ə)-dır  ki, Peyğəmbərin  gətirdiyi  din  dəyişdirildiyi, sünnətlərin  yerini  yenidən  cahiliyyət dövrünün  bidətləri  doldurduğu  bir  vaxtda  qiyam  etdi və şəhadəti ilə də İslamın aradan getməsinin qarşısını  aldı. Deməli, İmam  Hüseyn (ə)-ın  aşurası  İslamın və Peyğəmbər  sünnətinin yaşandığı və bidətlərin məhv olduğu gündür. Bu  hərəkəti  ilə  də  İmam bü¬tün  müsəlman ümmətinə bir dərs vermiş, sünnətin və dinin  aradan  gedib, xurafatın  və bidətin  cəmiyyətə daxil olduğu bir dövrdə, hansı mövqedə dayanmalarını bəyan etmişdir. Həqiqətdə Aşura Qurani-Kərimdə nəzəri olaraq göstərilmiş əqidə və fikirlərin əməli  olaraq yaşanması  günüdür. Kərbəla  şəhidləri ogün tovhidi, Allahın rübubiyyətini, Qiyamətin  varlığını, insanların hesabgünü Allahın  hüzuruna gətiriləcəklərini  öz  vücudları ilə əməli  olaraq  göstərdilər. Aşura  insanın Allaha  və  dininə bəslədiyi  dərin  bir  məhəbbətin, imtahan zamanı gəldikdə o məhəbbətin zahir olub onu dünyaya bağlayan  ünsürlərin  tamamilə yox  edilməsinin və bütün istəklərinin  Allah  yolunda  qurban  verilməsinin  sözdə və  fikirdə deyil, əməldə də nişan  verilməsi  günüdür. Bu  gün  səflərin  çəkildiyi, batili  seçənlərlə  haqqı  istəyənlərin ayrıldığı, nəfsini özünə hakim edib dünyanın quluna  çevrilənlərlə, qəlbinin  bəsirəti ilə qeyb  aləmini  müşahidə edib Axirəti  özünə  mənzil  seçən  insanların  üz-üzə  gəldiyi, qarşı-qarşıya durduğu gündür. O  gün  dünyanın  Axirət ilə, küfrün imanla vuruşduğu, sonunda  isə  Axirətin  və  imanın  qalib  gəldiyi  gündür. Həqiqətdə  72  nəfərin  şəhadəti  ilə  iman  küfrə  qalib  gəlmiş, dünyanın  vəfasızlığı,  Axirətin  isə  həqiqi  mənzilgah  olduğu  sübuta  yetirilmişdir.
Hüseynin Aşurası özündə baş verənlərlə hər gün, insanlıq aləminə xitab etməkdə və  insanları  küfrün rəzalətlərindən qurtularaq, imana və dinə gəlməyə, bir gün ölümün onun  qapısını  döyəcəyini  ona  bildirməklə ölümə hazır olmağı tövsiyə etməkdədir. Aşura  bir  məktəb, elm öyrədən, iman  verən  bir  müəllimdir. Lakin başqa məktəblərdən və ustadlardan fərqli olaraq öz şagirdini  daha  tez  bir  zaman  içində tərbiyə edib məqsədə çatdıran  bir  məktəbdir. Buna görə də bütün insanlar  Hüseynin  Aşurasına sığınmaqla, onu özünə ustad və müəllim qərar verməlidir. Buna  görə  də  insanların  hadisələrdən ibrət alması, qəflət yuxusundan ayılaraq  həqiqəti  anlaması  üçün  yaşadıqları  hər  bir  məkan onlar üçün  Kərbəla, hər  bir  zaman  isə  Aşura  olmalıdır. Hər  an  insanlıq  Kərbəladan  və  Aşuradan  ilham  almalıdır.
İmam Hüseyn (ə) Kərbəlaya səfər etdiyi zaman öz qiyamını mahiyyətini bəyan edərək belə buyurmuşdur: “Həqiqətən bu dünya dəyişərək tanınmaz olmuşdur. Onun xeyri aradan  getmiş, yaxşılıqlarından kasanın dibində nəmlik qaldığı kimi kiçik bir şey qalmışdır. Məgər möminlər haqqı ilə Allahın görüşünə rəğbətlənsinlər deyə haqqa riayət olunmadığını və batildən çəkindirilmədiyini görmürsünüzmü? Həqiqətən, mən ölümü  səadətdən,  zalımlarla yaşamağı isə zəlillikdən başqa bir şey bilmirəm. Həqiqətən, insanlar  dünyanın quludurlar, din isə dillərində gəzir, imtahan zamanı gəldikdə isə dindarlar  azalırlar”.
Bu  kiçik  xütbəsi  ilə  İmam  Aşura  hadisəsinin  mahiyyətini  bəyan  etmiş, dünyanın  zülm  və  haqsızlıqla  dolduğunu,  dünyapərəstliyin  insanlara  hakim  olduğunu  bildirmişdir. O, insanları  Aşuradan  ibrət götürərək  zülmə  deyil, haqqa  itaət  etməyə, dünyapərəstliyə  deyil, Axirətə  meyl  etməyə  səsləmiş, məqsədi  hər  cür  məhrumiyyətlərə  dözərək  ölümlə  üzləşdikdə  belə, onun  gözünə  dik  baxmağı  tövsiyə  etmişdir.
Lakin  cəmiyyətimizin  bu  tövsiyələri  və  haqqın  nidalarını  necə  dinləmələrinə, itaət  etdiklərinə  gəlincə  isə  demək  olar  ki, bu  günkü  cəmiyyətdə  Aşuradan  və  Kərbəla  vaqiəsindən  quru  bir  addan  başqa  heç  bir  şey  qalmamışdır. Kərbəla  hadisəsindən  alınacaq  dərslərin  və  götürüləcək  ibrətlərin  yerini  başdan-başa  cəhalət  və  xurafatla  dolu  olan  bidətlər  əvəz  etmişdir. Hər  il  başqa  millətlərdə  olduğu  kimi  bizim  millətimiz  də  Kərbəla  hadisəsini  qeyd  edir  və  Aşura  günü  toplum  halında  məscid  və  meydanlara  toplaşırlar. Lakin  bu  mərasimləri  seyr  edən  hər  hansı  bir  ağıllı  insan  İmam  Hüseyn  Aşurasına  ləkə gətirən  əlamət  və  nişanələrin  olmasını  aydın  şəkildə  görər. Bunun  əsas  səbəbi  Aşura  mərasimi  ilə  bağlı  olmayan  çoxlu  bidətlərin  cəmiyyətimizdə  adət  halına  çevrilməsidir. Bu   bidətlərin kütləvi  şəkildə  cəmiyyətdə  yer  alması  və  o  bidətlərin  məxsusən  bu  gündə  icra  olunması  insanların  İmam  Hüseynə  və  Aşuraya  verdiyi  qiymət  və  dəyərdən  asılıdr.
Çünki  əksəriyyət  insanlar, kişilər, qadınlar, qocalar, cavanlar  hər  bir  niyyətlə  bu  gün  məscidə  toplaşırlar. Bəzi  insanlara  ata-baba  adətlərinə  tabe  olaraq  bu  gün  hər  işdən  çəkinib  məscidə  getməyi  bir  vəzifə  bilir, bununla  da  bütün  işlərin  tamam  olduğunu, özünün  də  dini  bir  vəzifəsini  yerinə  yetirdiyini  hesab  edir. Bəziləri  də  özlərinin  niyyətlərində  tutduqları    məqsədlərinin  həqiqətə  çevrilməsinə  xatir  məxsusən  bu  gün  məscidlərə  gedir  və  müəyyən  nəzirlər  verməyi  niyyət  edirlər. Digər  bir  qisim  isə  Aşura  günündə  məscidə  toplaşıb  bəzi  əməllərdə  iştirak  etməklə  özünün  mürtəkib  olduğu  günahların  bağışlanacağını  zənn  edərək  bu  gün  məscidə  yığışırlar. Onlar  bu  işləri  yerinə  yetirdikdən  sonra  vəzifələrinin  tamam  olduğunu  hesab  edir  və  yenidən  əvvəlki  həyatlarına  qayıdırlar.
Tarixən  insanlar   arasında  Aşuranın  həqiqi  mahiyyətini  dərk  etməyərək, bu  günə  münasibətdə  belə  niyyət  və  qəsdlərdə  olmaları  hər  millət  və  cəmiyyətdə  öz  niyyət  və  qəsdinə  uyğun  bidət  və  təhriflərin  yaranmasına  səbəb  olmuşdur. Məsələn, Aşura  gününün  ən  böyük  bidətlərindən  biri  ələmpərəstlik  və  ələmə  nəzir  niyyət  etmək  halının  cəmiyyətdə   yayqın  olmasıdır. Bu, get-gedə  insanlar  arasında  ələmin  qeyri-adi  bir  qüvvə  olması, onların  hacət  və  istəklərini  təmin  edə  bilmə   gücünə  sahib  olma  fikrini  yaratmışdır. Məscidə  toplaşan  əksər  qadınlar  və  kişilər  bu  fikirlə  ələmin  qarşısına  gəlib  dua  edir, öz  istəklərinin  və  niyyətlərinin  qəbul  olunmasını  ondan  xahiş  edərlər. Bu  da  insanın  Allaha  deyil, cansız  əşyalara  tapınmasının  bariz  nümunəsidir. Bu  bütpərəstlərin  bütün  qarşısında  dayanaraq  ondan  öz  istək  və  arzularını  tələb  etməsindən  zərrə  qədər  də  fərqlənmir. Müəyyən  arzunun  həyata  keçməsi  üçün  nəzir  niyyət  edib  ələmin  parçalarına  bir  şey  bağlamaq  qətiyyən  dinimizdə  olmayan  və  Aşura  ilə  heç  bir  əlaqəsi  olmayan  bir  işdir. Ələmpərəstliyin  bidət  olaraq  vurduğu  zərbələrdən  biri  də  insanlarda  onun  məhərrəmlik  mərasimlərində  hərəkətə  gələrək, qorxulu  səhnələr  yaranması  inancıdır. Bu  inancda  olmaq  və  bu  əməli  məhərrəmlik  günlərində  camaat  arasında  icra  etmək, məhərrəmlik  mərasimlərinin  həqiqi  mahiyyətinin  tamamilə  itməsinə  səbəb  olub, insanların  diqqətini  İmam  Hüseyn (ə)-ın  qiyamından  yayındıraraq, bir  dəmir  parçasının  ətrafında  cahil  halda  birləşdirməkdən  başqa  bir  şey  deyildir. Ələmin  hərəkətə  gəlməsi  etiqadında  olmaq  və  bu  işin  icarçısına  çevrilmək, dinimizdə  əsla  icazə  verilməyən  bəzi  hadisələrin  baş  verməsinə  səbəb  olur. Məsələn, bunun  nəticəsində  bir  sıra  qorxulu  səhnələr  təşkil  olunur, insanlar  sərgərdan  halda  qışqıraraq  o  tərəf  bu  tərəfə  qaçır, qadınların  və  uşaqların  dəhşətli  ruhi  sarsıntılarla qarşılaşmasına  səbəb  olur. İndi  soruşuruq, bu  əməlləri  edənlər  görəsən  hansı  dəllilər  əsasında  Aşura  günü  və  digər  məhərrəmlik  günlərində  bu  bidət  əməllərini  törədirlər?
Məgər  onlar  İmam  Hüseyn (ə)-ın  öz  qiyamının  məqsədini  bəyan edən  buyruqlarında  bu  əməllərin  və  bidətlərin  heç  birinin  şəri  bir  əsasının  olmadığını  bilmirlərmi? Onlar  İmam  Hüseyn (ə)-dan  sonra  Əhli-Beyt  İmamlarının  bu  mərasimləri   necə  keçirmələrini  və  bu   əməllərin  heç  birinin  onların  mərasimlərində  təzahür  etmədiyini  bilmirlərmi? Əgər  bilmədən  bu  bidətlərə  yol  verirlərsə, agah  olsunlar  ki, bu  əməllərin  heç   birinin  Aşura  ilə  bağlılığı  olmayıb   sonradan  müəyyən  yollarla  məhərrəmlik  mərasimlərinə  gətirilmişdir.
Məhərrəmlik  günlərində  şəri  əsası  olmayan  işlərdən  biri  də  qəmə  ilə  baş  yarmaq  və  dəmir  zəncirlərlə  sinəyə  vurub  qan  çıxartmaq  əməlləridir. Bütün  müsəlmanlar  bilirlər  ki, şəriətdə  insanın  özünə  zərər  yetirməsi, soyuq  silahlarla  vurub  bədənin  müəyyən  bir  hissəsini  yaralaması  düzgün  deyildir. Bu  İslam  şəriəti  tərəfindən  haram  edilmiş  bir  əməldir. Belə  bir  əməlin  İmam  Hüseyn  (ə)-a  xatir  edilməsinin  də  heç  bir  şəri  əsası  yoxdur. Çünki  İmamlarımızın  heç  birinin  buyruqlarında  bu  əməli  şəri   nöqteyi-nəzərdən  qanuniləşdirən  heç  bir  dəlilimiz yoxdur. Çünki  İslam  dinində  Allah  tərəfindən  haram  edilmiş  bir  əməl  Peyğəmbərə  və  yaxud  İmama  görə  halal  edilə  bilməz. Çünki  Peyğəmbər  və  İmamlar  özləri  mükəlləfdirlər  ki, haram  və  halala  riayət  edib,  digərlərini  də  bu  işdən  çəkindirsinlər. Allah  Rəsulu  da  öz  hədislərində  bu  məsələyə  işarə  edərək  buyurur: “Mühəmmədin  gətirdiyi  halal, Qiyamət  gününə  qədər  halal, gətirdiyi  haram  da  Qiyamət  gününə  qədər  haramdır”. Baş   yarmaq, kürəyi  və  sinəni  də  vuraraq  qanlı  bir  vəziyyətə  gətirmək  Peyğəmbər  tərəfindən  ümmətə  haram  edilmiş  əməllərdir. Ona  görə  də  belə  bir  işi  Aşura  mərasimlərində  qanuniləşdirən  heç  bir  dəlil  ola  bilməz. Fəqət   bəzi  insanlar  bu  işləri  görməklə  özünün  Allah  qarşısında  etdiyi  günahların  bağışlanmasını  güman  edir, mərasimlər  tamam  olduqdan  sonra  isə  yenidən  əvvəlki  həyatlarına  qayıdırlar.
Məhərrəmlik  və  Aşurada  camaat  tərəfindən  topluluqla  icra  olunan  əməllərdən  biri  də  müəyyən  bir  niyyət  edib  onun  həyata  keçməsi  üçün  biləklərinə  qara  lentlərin  bağlanmasıdır. Eyni  zamanda  qara  lentlərlə  yanaşı  məscid  qapılarına, pəncərələrinə  və məscid  həyətində  bitən  ağacların  budaqlarına  müxtəlif  rəngli  parçalar  bağlanır. Müəyyən  bir  niyyət  edərək  biləyə  qara  parça  bağlamağın  və  o  lent  qırıldıqdan  sonra  onu  məscid  həyətində  olan  ağaclara  bağlamaq, o  niyyət  və  arzuların hasil  olmasına  heç  bir  təsiri  yoxdur. Çünki  arzu  və  istəklərin  həyata  keçməsi  qadir   olan  Allahın  iradəsinə  bağlıdır. Ona  görə  də  arzu  və  istəyin  hasil  olmasını  Allahdan deyil, ələmdən  istəmək  və  yaxul  biləyə  bağlanmış  qara  lentdən, məscid  qapılarına  bağlanmış  şeylərdən  tələb  etmək  Allaha  şərik  qoşmaqdır. Hələ  qara  lentin  biləkdən  qırılandan  sonra  ağaca  bağlanmasına  gəldikdə  isə  bu  hərəkətin  bütpərəstlikdən  keçməsini  inkar  edə  bilmərik. Çünki  bütpərəstlər  hər  bir  verilmiş  and  və  ya  gerçəkləşmiş  arzuya  görə  minnətdarlıq  əlaməti  olaraq  kral  bağçasında  bitən  “müqəddəs” Bo  ağacına  müxtəlif  qara  lentlər  bağlayırlar. Bu,  o   “müqqədəs”  Bo  ağacıdır  ki, onun  altında  şahzadə  Qautama  inkişaf  etmiş  və  budda  olmuşdur. Bütün  bu  saydığımız  əməllərin  heç biri  İslam  dinində  olmamış, bütpərəstlərin  və  batil  dinlərə  sitayiş  edən  millətlərin  əməllərindən  müsəlmanlara  sirayət  etmişdir. Sonra  da  məhərrəmlik  mərasimləri  və  Aşura  bu  batil  əməllərin  toplum  şəkildə  icra  olunması  üçün  əlverişli  bir  vasitəyə  çevrilmişdir.
Hər  bir  müsəlman  bildiyi  halda  bu  bidətlərə  qarşı  mübarizə  aparmalı  və  belə  bidətlərin İmam Hüseyn (ə) qiyamının mahiyyətini aradan aparmasına razı  olmamalıdır. Çünki  Peyğəmbərimiz (s) buyurmuşdur: “Ümmətimin arasında bidətlər zahir  olduqda  onların  alimlərinə  elmlərini  zahir  edərək  mübarizə  etmələri  vacibdir. Əgər  belə  etməsələr, Allahın  lənəti  onlara  olsun”.
Əziz  oxucu! Burada  yazdığımız  bəzi  əməllərin  mahiyyətini bəyan  etməkdə  məqsədimiz, müsəlmanların  Aşura  mərasimlərində mövcud olan bəzi bidət  və  qeyri-düzgün  əməlləri  tanıyıb  bilməsidir. Hər  bir  insanın  da  bu  məsələlərdə  təəssüb  və  inadı  bir  tərəfə  qoyaraq  haqq   və  insaf  ilə  nəticə  çıxarması  vacibdir.