пятница, 23 марта 2012 г.

AGILIN ALLAHIN ZATINI DƏRK ETMƏKDƏN ACİZ OLMASI

Bildiymiz kimi islamin və imanin ən birinci şərti  Allahin varlıgını təsdiq  edib onun vəhdaniyyətinə etiqad etməkdir.Yəni dində bir müsəlmanın  birinci vəzifəsi onun ALLAHI tanıyıb qəlbində təsdiq etməsidir.Allahın varlıgına mərifət hasil etmək  birinci vəzifə oldugu üçün bu mərifətin necə və hansı keyfiyyətdə olması çox önəmli bir məsələdir. Bir insan Allahın varlıgını necə dərk etməlidir, onun zatına və sifətlərinə necə etiqad etməlidir?   Ümimiyyətlə Allahın zatı insan AGLI tərəfindən dərk oluna bilən bir
şeydirmi? Və yaxud onun zatını insan müxtəlif sifətlərlə vəsf edə bilərmi?

Bunlar insanları çox düşündürən və aydın bir şəkildə izahatına ehtiyac duyulan suallardır. hər şeydən əvvəl biləliyik ki, Allahı tanımaq ondan qeyrilərini tanımaq kimi deyildir.Ümumiyyətlə varlıqları tanımaq insan üçün iki cür hasil ola bilər; bu ya o varlıqların  zatının mahiyyətinə və sifətlərinin keyfiyyətinə bilgi əldə edərək tanımaqla , ya da ki, mahiyyəti dərk olunmasa da varlıgı inkar olunmaz dəlillərlə sabit oldugu üçün onun var olması qənaətinə gəlməklə tanımaqladır. Varlıq aləmində elə mövcudlar vardır ki onların varlıgı onların əlamət, nişanə və   əsərləri ilə dərk olunur.Yəni bir şeyin mahiyyətinin insan zehnində təsəvvür olunmadan insan aglı tərəfindən təsdiq olunması,heç də elmə və əqlə zidd olan bir şey deyil.Əksinə AGLIN  özünəməxsus qabiliyyətlərindəndir ki,hiss orqanlarının və təcrübi elmlərin varlıgını isbat edə bilmədiyi həqiqətləri , xüsusi bir şəkildə aşkar edib sabit etsin.Lakin insan aglının qəbul etdiyi həqiqətləri də iki qismə bölmək olar;zehn vasitəsi ilə təsəvvür oluna bilən və təsəvvür olması mümkün olmayan varlıqlar. Bir varlıgın insan zehnində təsəvvür olunması da iki cür mümkündür;ya o həqiqət haqqında bilgimiz hiss orqanları vasitəsi ilə , və ya təcrübi elmlərin sınaqları nəticəsində hasil olur,ya da ki ,təcrübi elmlərə və hiss orqanlarına  ehtiyac olmadan əqlin müstəqil şəkildə fəaliyyət göstərməsi  nəticəsində mümkün olur.Aglın fəaliyyəti olan təfəkkürlə insan müxtəlif mərhələlər aşıb, bir çox şeylərin varlıgı barəsində qənaətbəxş nəticələrə vara bilər.Necə ki, fəlsəfə bu işi görməklə təcrübi elmlərin çata bilmədiyi həqiqətlərə yetışə bilmişdir.Ona görə də fəlsəfənin öyrəndiyi sahələr elmin tədqiq etdiyi sahələrdən həmişə fərqli olmuş və təcrubi elmlərin qəbul etmədiyi şeylərin varlıgını dəlillərlə isbat edib qəbul etmişdir.Elə buna görə də alimlər elmi dəlillərlə , fəlsəfi və əqli dəlilləri bir bilməmiş , onların sabit etdiyi həqiqətləri də bir-birindən fərqli bilmişlər.Beləliklə,varlıqları və onların xüsusiyyətlərini hissi idrak və təcrübi elmlərin bilgiləri ilə məhdudlaşdırmaq varlıq haqqında heç bir məlumatı olmamaq və yaxud agılsızlıqdan başqa bir şey deyildir.Çünki hissi idrak və təcrübi elmlər varlıqların yalnız bir üzünü bəyan edir.Hiss orqanları yalnız görülən ,duyulan, toxunulan,eşidilən şeyləri, təcrübi elmlər də yalnız sınaqdan keçə bilən şeyləri təsdiq edə bilər.Əyər bununla kifayətlənsək  o zaman varlıgın çox cüzi bir hissəsindən xəbərdar olmuş olarıq.Lakin mərifət və elm yalnız bunlarla hasil olmaz.Mərifətin insanda hasil olması üçün qeyri daha iki yol vardır;əql və qəlb yolu.Bu iki yol vasitəsi ilə insan çox böyük mərifətlərə yiyələnə bilər.Bu iki mərifət yolu özləri də məxsus qollara ayrılır.Yəni hər ikisinin şöbələri və dərəcələri vardır.Allahı tanımaq və təsdiq etmək də əqlin və qəlbin mərifətlərindən hesab olunur.Hiss orqanları ilə elmi dəlillər də Allahı tanımaqda aglın vasitələrindən biri ola bilər.Bizim mövzumuz əqlin Allahı idrak etməsi barəsindədir və onun keyfiyyət və xüsusiyyətlərindən danışmalıyıq.Əvvəlcə bilməliyik ki,əqlin Allahı tanımasında onun müstəqil olması kifayət edərmi və əql bu sahədə müstəqil hərəkət edərsə hansı nəticələrə vara bilər? Burada məsələni iki cür ələ almaq lazımdır.Əyər  aglın Allahı dərk etməsindən məqsəd  onun var olmasıniı təsdiq edib,vucudundan əminlik hasil etməkdirsə , o zaman əqlin kifayətedici dəlilləri bunu tam isbat etməyə qadirdir.Yox əyər əqlin dərk etməsindən məqsəd onun zatının mahiyyətinin bilinməsi və zehn vasitəsi ilə təsəvvür olunması olarsa, onda agıl bu işi görməkdə naqisdir və heç vaxt belə bir idrak insan üçün hasil ola bilməz.
    Tohid əqidəsində tarix boyunca yaranan ixtilafların çoxu da elə bu səbəbdən meydana gəlmişdir.İnsanlar yaradanı tanımagı onu təsəvvür etmək kimi başa düşmüş və onu zehninin məhsuluna çevirmişdir.Bu naqis yanaşmanın nəticəsində Allah insanlar tərəfindən düzgün dərk edilməmiş və müxtəlif mövcudlara bənzədilərək məxluqatla eyniləşdirilmişdir.Bu da tarixdə çoxallahlıq, bütpərəstlik və müxtəlif göy cisimlərinin tanrılaşdırılması inanclarının yayılmasına rəvac vermişdir. Bu zehnin Allahı idrak etmədə böyük bir xətasıdır. Bu xəta nəticəsində insanlar Allahı cisim kimi təsəvvür etmiş,və zehnindəkilərinin Allah olmayıb onların zehninin məhsulu oldugunu anlamamışlar.İnsan həqiqətdə onun və zehninin Allahın məxluqu oldugunu bildiyi halda ,Allahın yaratdıgı bir şeylə özünə bir tanrı yaratmış və onun həqiqətdəki Allah olduguna etiqad etmişdir.Beləliklə, insanlar Allahı tanımaq əvəzinə zehnlərində Allahı yaratmış və özlərinin xəlq etdiklərinə tapınmışlar.
 İnsan əqli niyə bu xətaya yol vermişdir? niyə bəşəriyyət həyatın müxtəlif sahələrində böyük nəaliyyətlərə sahib oldugu halda dini etiqad və Allahpərəstlik sahəsində belə böyük xətalara  yol vermişdir?
    Bu sualın cavabını tapmaq ücün əvvəlcə dini və qeybi həqiqətlərə mərifət hasil etməkdə insan aglının hansı həddə qədər çata biləcəyini anlamaq lazımdır. Agıl insan içərisində Allah tərəfindən qoyulmuş bir nemət olub, işi də Allahı tanımaq olmasına baxmayaraq,Allahı tanımaqda sərhədsiz deyildir.Agıl bu yolda xətalardan ,sapmalardan qorunmaq, iştibah və çaşqınlıga düşməməkdən ötrü digər bir hıdayətçiyə ehtiyacı vardır.Bu hidayətçi xüsusi bir bilgi ilə əqlə yol göstərməli və onu azmaqdan qorumalıdır.Bu elə bir qeybi bilgidir ki, heç bir idrak vasitəsi ilə insanın onu ələ gətirməsi mumkün deyildir.Həmin qeybi bilgi vəhydir ki,Allah öz peygəmbərlərinin vasitəsi ilə insanların əqlini işıqlandırmaq üçün bəşəriyyətə rəhmət olaraq göndərilmişdir.
  Deməli əql Allahi tanımada və tohidə saglam yiyələnməkdə qeybi bilgi olan vəhyə söykənərsə bu xətalardan hifz oluna bilər. Çünki vəhy və onun verildiyi şəxs məsumdur.Məsumun bilgisi məhz ALLAHDAN qaynaqlanır.Məsunun Allahın zatı haqqında bilgisi də Allahın ona bəyan etdiyi qədərdir.Deməli, Allahın zatı haqqında ən saglam və xətasız bilgi məsumun bilgisidir.Çünki bu bilgi nəzəriyyə ,fikir və əqli bir mülahizə deyildir, tam vaqeiyyətin özüdür.Amma əqlin müstəqil fəaliyyəti isə həqiqət və reallıqlar haqqında pərdəarxası mülahizələrdən ibarətdir.Bu mulahizələr həqiqətin özü deyil, bəlkə  həqiqət haqqındakı təsəvvürlərin bəyanıdır.
   Vəhy vasitəsi ilə bəyan olunan həqiqətlər və məsumların bilgisi mulahizə və təsəvvür deyil ,eyni ilə həqiqətin oldugu kimi izahıdır.Vəhylə və məsumun dili ilə bəyan olunmuş həqiqətlər də bəşərin dərk edə biləcəyi həddə qədər izah edilmiş,qavraya bilməyəcəyimiz şeylərə görə də mukəlləf edilməmişik.
   Vəhyin yeganə mənbəyi olan Qurani-Kərimə baxsaq orada olan dəvətlərin əksəriyyətinin düşünmək və təfəkkür etmək haqqında oldugunu görərik. Quranın müxtəlif surələrində muxtəlif mövzular barəsində insanlar  təfəkkürə dəvət olunur.Lakin bu dəvətlərin mahiyyətinə diqqət yetirsək görərik ki, Allaha dogru çagırarkən Quran insnların diqqətini ayə və nişanələr üzərinə yönəldir.Quranın  heç bir ayəsində Allhın zatı barəsində  düşünməyə dəvət olunmur.
   Məsumların tohid haqqındakı bəyanatlarında da Allahın zatı haqqında təfəkkürdən çəkindirilmiş, Allahı tanımada ayə və nişanələrə müraciət etməyə dəvət olunmuşdur. Deməli əql Allahı idrak etmədə qeybi bilgilərdən yaralanmalı və onun təyin etdiyi çərçivədə düşünməlidir.Bu əql üçün bir məhdudiyyət deyil ,əksinə sərhədi aşıb tamamilə azmasından qorunması üçün çox vacibdir.
  Beləliklə ,Allahın zatının əql üçün olunmazlıgının səbəblərinin məsumdan gələn bəyanatlarda necə izah olunmasına diqqət edək;
     həzrət Əli nəhcul bəlagədə ALLAHIN vəsf olunması vəzatının dərk edilməsinin mümkünsüzlüyünü belə izah etmişdir:
الحمد لله   الذی انحسرت الاوصاف عن کنه معرفته  و ردعت عظمته العقول  فلم تجد مساغا الی بلوغ غایه ملکوته
" həmd olsun  o ALLAHA ki , bütün vəsflər onun zatının həqiqətini bəyan etməkdən acizdirlər.Onun əzəməti agılları rədd etmişdir. Belə ki onun mələkutunun nəhayətinə çatmaga yol tapmazlar"
   Burada həzrət bəyan edir ki,Allahın zatı ona görə dərk olunmur ki , o vəsfə sıgmayacaq qədər böyükdür.Əqlin işi bir şeyi tanımlıyarkən onun əlamətlərini, keyfiyyət və sifətlərini bəyan etməkdir.Bir şeyin mahiyyəti bilinmədən də onun əlamət vəsifətlərini açıqlamaq qeyri-mümkündür.Allahın zatı bir həqiqətdir lakin vəsf olunmayacaq bir həqiqətdir.Çünki  heç bir vəsf onu layiq oldugu qədərincə tanımlaya bilməz.Çünki bizim vəsfimiz bilgimiz və mərifətimiz qədərincədir və yalnız məxluqa şamil olur.Bizim zehnimizdə təsəvvür etdiyimiz sifətlərlə Allahı vəsf etdiyimiz zaman ,zehnimiz qədərində onu vəsf etmiş oluruq.Yəni zehnimizdə düşündüyümüz elm,qüdrət, həyat , görmə, eşitmə kimi sifətlərlə Allahı vəsf etdikdə zehnimizin bu sifətlərdən dərk etdiyi mənabı Allahın zatına nisbət vermiş oluruq.Allahın zatı isə bu naqis vəsfdən pak və münəzzəhdir.
Təsəvvürümüzə gələn elə bir sifət yoxdur ki, onun bir həddi və sərhədi olmamış olsun.Məhdud bir şeylə də Allahı necə vəsf etmək olar?! Bir halda ki onun zatının naməhdud oldugunu deyirik. Onun zatının əzəməti bizim agıllarımızın dərkiyyatını rədd edib bizə tərəf qaytarmış və zatına dogru irəliləmək üçün bir yol qoymamışdır.
 Sonra həzrət buyurur:
هو الله الحق المبین احق و ابین مما تری  العیون
"O haqq  olan  və aşkar olan Allahdır.Gözlərin onu görə bilməyəcəyi qədər aşkar və aydındır".
    Burda həzrət Allahın inkar olunmayacaq qədər aşkar və yaxın oldugunu bəyan edir.Yəni Allah elə bir həqiqətdir ki , onu tanımaq üçün zehni təsəvvürlərə ehtiyac yoxdur.O həm zehnin təsəvvur edə bilməyəcəyi qədər məqul həm də gözün görməyəcəyi qədər aşkardır.Zehində təsəvvür olunan və gözlə görulə bilən şeylərdə bir zati naqislik var.Onların naqisliyi məkan və zamana   möhtac olmalarıdır. Onların təsəvvür olunan və gözlə görülə bilən olması da bu ehtiyaclarına görədir.Yəni onların MƏKAN VƏ ZAMAN İÇİNDƏ OLMALARI ONLARI TƏSƏVVÜR EDİLƏN GÖRULƏ BİLƏN ETMİŞDİR. Allah isə məkan və zaman əhatəsində deyil ki,gözümüzlə əhatələnmiş və sərhədlənmiş olsun.
  Sonra buyurur;
لم تبلغه العقول بتحدید فیکون  مشبها و لم تقع علیه  الاوحام بتقدیر فیکون  ممثلا
"Əqllər onun üçün bir hədd müəyyən edə bilməzlər taki, oxşarı olsun . Təsəvvür və xəyallar onun üçün bir qədər müəyyən edə bilməzlər ta ki,forması və şəkli olsun".
   Burada həzrət anladır kiəsi ilə dit,  əql vasitəsi ilə dərk olunan hər bir şeyin  müəyyən bir həddi olmalıdır.Əyər əql bir şey üçün hədd və qədər müəyyən etməsə onu təsəvvür edə bilməz.ONA GÖRƏ DƏ ZEHNİN  dərk etdiyi bütün şeylərin bir ortaq və müştərək cəhətləri vardır, bu da hamısının müəyyən bir çərçivədə düşünülməsidir.Bu zaman əşyalar nə qədr böyük olsalar da təsəvvür aləmində hamısı zehnin əhatəsində olur.Yəni zehn bütün mövcudatı öz təyin etdiyi həddə daxil edib təsəvvür edə bilir.
   Əyər zehnimiz Allahı da təsəvvür edə bilsə gərək həmin hədd içərisində təsəvvür etsin ki,bu da Allahı başqa varlıqlara bənzətməkdir. Quran isə bunu inkar edərək belə buyurur;
"Ona bənzər heç bir şey yoxdur"
     İkinci bir tərəfdən bir şeyi  qədərləndirmək onu müəyyən bir şəkil və formaya salıb təsəvvür etmək deməkdir ki, şəkli və forması olan şey də cisimdir cismin xüsusuyyətlərinə sahibdir.Cism olmaq da mütləq olaraq mürəkkəb olmanı yəni hissələrdəni tərkib tapmanı tələb edir.Hissələri olmadan cism mövcud ola bilməz. Bu da hər bir cismin yaranmış oldugunu isbat edir ki,Allah-təala da bu sifətdən uzaqdır, yaranmamışdır, əzəli və əbədi bir varlıqdır.
  Beləliklə bunlardan belə bir nəticə alırıq ki,əql özü müstəqil ALLAHI DƏRK ETMƏKDƏ naqisdir.AGIL ALLAHIN zatı barəsində hansı bir görüşə sahib olmaqda mutləq məsumdan qaynaqlanan bir bilgiyə söykənməlidir.Əks HALDA TOHİDƏ YETİŞMƏYİB ŞİRKƏ VƏ ZƏLALƏTƏ düçar olacaq.
    hidayətə tabe olanlara salam olsun!
(DADASH ƏLİBƏYLİ)