пятница, 14 сентября 2012 г.

KAMIL IMANIN MEYARLARI


Insan varliq aləminin ən kamil xəlq olunmuş və ən üstün dəyərlərə sahib olan bir mövcududur. İnsan üçün onu digər varlıqlardan üstün edən dəyərlər vardır ki, digər heş bir mövcudda bunu müşahidə etmək mümkün deyil.İnsana əta olunmuş əql və iradə azadlıgı onun müstəsna üstünlük keyfiyyətidir ki, bununla o,məxluqatın ən şərəflisi olma yetkisinə sahib olur.Lakin təkcə bununla insanın kəramət və fəzilət sahibi olması yetərli deyil.Bəlkə insan üçün daha üstün bir dəyər yaradılmışdır ki,  o olmadan əql və iradə azadlıgı insanı lazım olan mərtəbələrə çatdıra bilməz. Bu insani dəyər və fəzilətdən dünyanın əksər insanları yararlanmaz və onlar üçün seçilmiş məqsədə gedib çata bilməzlər.Bu dəyər və fəzilət iman həqiqətidir.İman həqiqəti insan qəlbində parlayan bir nurdur ki,onu maddi dünyanın zülmətlərindən qurtarıb mənəvi dünyanın parlayan işıgına çıxardar. 
  İman insan içərisində üş əsasın təsdiqi ilə həqiqət tapar. Bunlar varlıgın əzəli və əbədi olmayib yaradıcısının olduguna , yəni Allahın  var olmasına etiqad  etmək, ALLAHın insanları boşuna buraxmayıb onlara elçilər göndərdiyinə ,yəni nübuvvətə etiqad etmək və ölümdən sonra insanın yox olmayıb , həyatının davam etməsinə  yəni axirət dünyasının varlıgına inanmaqdır.Bu üç əsasa inanmaqla insan bu ana xətlərdən şaxələnən başqa həqiqətlərə də iman etmə təklıifi ilə mükəlləf olur ki , bunlar da onun imanının kamil olması üçün şərtdir.İnsan Allaha iman etməklə tovhidin zəruri şərtlərinə yəni onun zatının yeganəliyinə, onun heç bir şeyə bənzəmədiyinə, kəmal sifətlərinin zatı ilə eyni olmasına və nöqsan sifətlərdən də uzaq olmasına da etiqad etməlidir.  Eyni zaman da nübuvvət və axirət inancında da  bir sıra təməl əsaslara da etiqad etməlidir ki, bunlarsız imanın kamillik dərəcələrinə yetişə bilməz.
     Beləliliklə iman  fiziki dünyanın üstündə qərar tutan metafizik aləmə və o, aləmlə bilavasitə  baglı olan həqiqətlərə etiqad etmək və onlara qəlbdə əminlik hasil edib təsdiq etməkdən ibarətdir.Lakin iman adlandırdıgımız qəlbin təsdiqinin insanın hiss orqanları ilə və elmi, təcrübi müşahidələrlə olan təsdiqindən böyük bir fərqi vardır.Çünki hissi və təcrübi bilgiyə əsaslanan təsdiq bilavasitə fiziki və maddi düya ilə əlaqardır. İnsan hiss orqanları  vasitəsi ilə ətraf aləmdən xəbərdar olur və  aşkar  şəkildə fiziki dünyanı müşahidə  edərək qəti bir bilgi əldə etmiş olur. Belə bir qəti bilgini də normal bir əqlə sahib olmayan çox az  bir insan istisna olmaqla bütün insanlar təsdiq edirlər.
     Lakin imandan dogan təsdiq belə deyildir. Burada hiss orqanlarının və təcrübi bilgilərin əhatəsindən xaric olan bir aləm və o aləmlə əlaqəli  olan həqiqətlər söz mövzusudur.Burada artıq qeybi həqiqətlərə  olan bilgi və təsdiqdən söhbət gedir.İnsanın bu həqiqətlərə əminlik hasil edib təsdiq etməsi üçün  isə xüsusi bir bilgiyə ehtiyacı vardır ki ,həmin bilgidən qaynaqlanan təsdiqə iman deyirik.həmin bilginin də insanın içi ilə baglı olan bir batini çöhrəsi və xarici aləmdən qaynaqlanan zahiri çöhrəsi vardır.Bu qəlbin xüsusi bir tapması və əmin olmasıdır ki,heç bir elmi dəlillərlə onun mahiyyətini və yaranma keyfiyyətini izah etmək mümkün deyil.Bu əslində bir nurdur ki ,onunla qəlbdə bəzi həqiqətlər işıqlandırılar.Bu bilgi xüsusi bir bilgidir və qəlbi öz nuru ilə aydınladar və insanı bəzi qeybi həqiqətləri təsdiq etməyə vadar edər.
   Lakin belə qəlbi təsdiq  bütün insanları əhatə etməz .Bəlkə məxsus insanlar bu bilgi və təsdiqə sahib  olub iman həqiqətini öz qəlblərində dogruldarlar. Ona görə də Qurani-Kərimin də bildirdiyi kimi çox az insanlar iman gətirər və əksəriyyət də bu nemət və fəzilətdən məhrum olarlar. Həmin insanların qəlbi də ilahi həqiqətlər və dəyərlərə nisbətdə dərin bir boşluq və zülmət içərisində olar. Həqiqətən də onlar çox böyük bir nemətdən məhrum olarlar.Belə insanlar imanın qəlbdə yaratdıgı əminlik, rahatlıq,huzur və həyat nəşəsini başqa heç bir şeylə doldura bilməzlər və qəlblərində həmişə bir sıxıntı,nigarançılıq,vəhşət və qorxu hissi yaşadarlar.Bunun əvəzində də boş, mənasız ,cansıxıcı və heç bir şeydən də doyucu bir ləzzət almayan dünya həyatına sahib olarlar.
  Lakin iman sahibi olan insanlar isə həyatlarında iman nişanələrini izhar edər, dünya həyatında belə çox rahat,əmin və huzurlu bir qəlblə yaşayarlar. İman çox dəyərli bir fəzilət olmaqla yanaşı , ustünlük dərəcə və mərtəbələrinə də sahibdir.İmanın dərəcələri ardıqca insanın həyat tərzində, əxlaq və davranışlarında da ciddi dəyişikliklər meydana gəlir.İman qəlbdə dogar,inkişaf edər, yetkinləşər və kamillik zirvəsinə çatar.Lakin belə insanların fərqlənməsi və seçilməsi üçün kamillik meyar və əlamətlərinin onların həyat və davranışlarında özünü göstərməsi  lazımdır.  Yəni kamil imana yiyələnmiş möminlər bəzi əxlaqi keyfiyyətlə və əməli üstünlüklərə sahib olmalıdırlar  ki, digərlərindən seçilib nümunə və ülgü qərarlaşsınlar.İnsanlar içərisində imanın ən üstün dərəcəsində qərarlaşan simalar , peygəmbərlər, imamlar və onlardan sonra gözəl bir şəkildə onlara tabe olan övliyalardır.
   Peygəmbərlər və onların vəsiləri içərisində də  sonuncu peygəmbərimiz və onun vəsiləri ən üstün məqamda yer alırlar.Onları Allah Quranda Əhli-beyt  adlandırır və bütün naqis sifətlərdən və keyfiyyətlərdən pak olub ismət məqamında olduqlarını qeyd edir. Məsum insanlar olan Əhli-beyt imamlarının bəyanatlarında imanın kamillik dərəcələri və mömin  insanın əlamət və nişanələri çox geniş şəkildə izah edilmiş , onun müxtəlif cəhətləri açıqlanmışdır. Bu həqiqətləri açıqlayan ən əhəmiyyətli əhli-beyt mənbələrindən biri də Həzrət Əli(ə.s)ın kəlam ,xütbə və məktublarının toplandıgı nəhcul-bəlagə kitabıdır. Burada həzrət 192-ci xütbənin bir hissəsində mömin insanın imanının kamil olma əlamətlərindən bəzilərini çox böyük məharətlə qeyd edir. Həzrət özünün bəzi keyfiyyətlərini açıqlayaraq bir qövmə mənsub oldugunu söyləyir ki, həmin qövm aşagıdakı   dəyərlərə sahibdir:
  و انی لمن قوم لا تاخذهم فی الله لومة لائم
"Agah olun mən elə bir qövmdənəm ki,onları heç bir məzəmmət edənin məzəmməti Allah yolunda addımlamaqdan çəkindirə bilməz "
 Hər şeydən əvvəl bilməliyik ki ,insan ictimai bir varlıqır və insan toplumunun içərisində yaşamaq  məcburiyyətindədir. İnsanın cəmiyyətdən ayrılaraq tənha bir şəkildə həyat sürməsi qeyri -mümkin bir şeydir.Çünki ,bir bədənin əza və orqanları necə bir-birinə baglı və möhtac yaradılmışsa,bir toplumun fərdləri də muxtəlif cəhətlərdən bir-birinə baglı və möhtac yaradılmışdır.Ona görə də insanlar cəmiyyətlər halında birgə yaşamaga məcburdurlar.Çoxlu insanların vəhdətindən təşəkkül tapan toplumlar da təkcə insanların yıgımından və sayından ibarət deyil. Bir toplum fərdlərin birliyindən ibarət oldugu kimi, həm də müəyyən etiqüad üzərində köklənmiş ,müxtəlif adət-ənənəyə sahib olan və özünəməxsus  qanunlar və dəyərlər çərçivəsində yaşayan  insanların da vəhdəti hesab olunur.İnsan bir cəmiyyətində təkcə bioloji bədəni ilə deyil , həm də fikri, əqidəsi, əxlaq və davranışları ilə də yaşamış olur.Cəmiyyət də içərisində yaşayan insanların fikir, düeşüncə,əqidə və əxlaqından formalaşan bir qurum olur ki, əksəriyyətin əxlaq və davranışı onun hansı bir keyfiyyətə sahib olan cəmiyyət olmasında çox böyük rol oynayır.Cəmiyyətin keyfiyyəti sahib oldugu dəyər və qanunların keyfiyyətindən çox asılı olur.Hansı əqidəyə sahib olma ,içindəki insanların hansı idealların ardınca getməsi o cəmiyyətyin hansı bir ruhda tərbiyyə olunub yetişməsinin ən əsas göstəricilərindəndir.Bəşəriyyətin tarixi müxtəlif yönlü əqidə ,məslək və əxlaqa sahib olan insanlardan ibarət olan toplumlara səhnə olmuşdur. Lakin bütün bunları əsasən iki istiqamətdə cəm etmək mümkündür.Təbii ki bu cəm etmə cəmiyyətlərin etiqadi , fikri və ideoloji baxımdan sıralanması deməkdir.Digər cəhətlərdən qisimləndirmək isə bizim məqalənin mövzusu deyildir. 
 Bu iki istiqamətdə qismləndirmə belədir; İlahi dəyərlər, dini inanc və əxlaq üzərində köklənmiş və buna uygun keyfiyyətlərə sahib çixmaga səy edən insanların toplumu,  digəri isə dini ideal və dəyərlərə əhəmiyyət verməyən və yalnız insanların nəfsi istək və arzularından dogan əqidə və həyat tərzini əsas tutan insanların toplumudur.  Bunlar ikisi də bir-birinə zidd olub , eyni zamanda hər ikisinin də vahid zaman və məkan çərçivəsində  var olub paralel inkişaf etdiyi təsadüf edilən toplumlar ola bilərlər.
  Lakin daha çox sırf nəfsani istəklərə tabe olan cəmiyyətlər üstünlük təşkil edirlər.Belə toplumlarda bəzən iman sahibləri yaşama məcburuyyətində olurlar. Hansı ki, cəmiyyətin sahib oldugu etiqad, həyat tərzi və əxlaqın ziddinə olan idealları özünə məqsəd bilib onun ugrunda səy edən insanlar olurlar.Bunlar toplumda azlıq təşkil etdikləri üçün insanlar tərəfindən çox böyük təpki, təzyiq və təcrid olunmalarla üzləşirlər.Bunlar iki seçim arasında qalırlar;ya cəmiyyətin istəklərinə tabe olub onların həyat tərzlərinə uymalıdırlar, ya da ki, inandıgı  və üstün bildiyi idealları ,toplumun təzyiqi, incitməsi və qınamalarına rəgmən hər şeydən uca tutub , səbr etməli və ideallarının cəmiyyətə hakim olması üçün yollar və metodlar arayıb mübarizə etməlidir. Buna imanın şirinliyini qəlbdə hiss etmədən və onu kamillik həddinə çatdirmadan  yiyələnmək mümkün deyil .
   Kamil imanın göstəricilərindəndir ki ,gözəl əxlaqa sahib olan mömin bir insan,imanını üstün gördüyü üçün cəmiyyətin ən rəzil və fasid insanları tərəfindən qınanılar və toplumun sahib oldugu rəzalət, çirkinlik və fisqi-fucura tabe olmadıgı üçün çox böyük bir  təzyiqlərə və zülmlərə məruz qalarlar.Lakin kamil iman sahibi bütün bunlara,sahib oldugu əqidə və ilahi ideallara görə məruz qaldıgını  anlayaraq səbrlə təhəmmül edər. Çünki bir insanın düzgün və kamil imana sahib olub ,öz əqidə yolundan dönmədən bütün həyatını sərf etməsi ,onun dünyəvi vənəfsani həyat tərzinə sahib olub , cəmiyyətdə əksər fəsadları törədən milyonlarla insana qalib gəlməsi  və bütün cəmiyyətə öz ideallarının üstünlüyünü isbat etməsi deməkdir. Həzrət də buyurur ki belə insana heç bir qınayıcının qınagı  təsir edib yolundan döndərə bilməz.
سیماهم سیما الصدیقین و کلامهم کلام الابرار
 " Onlar elə kəslərdir ki, simaları dogruların siması kəlamları isə yaxşıların  kəlamıdır"
   Həzrətin bu kəlamından anlaşılan  budur ki, həqiqi iman , sahibinin simasında təzahür edər.Çünki qəlbin iman gətirməsi  o, vaxt həqiqi olur  ki, insanın simasında və əməlində özünü göstərmiş olsun .Əvvəldə  dedik ki, iman qəlbdə parlayan bir nurdur.Bu nur şölələndiyi və artdıgı zaman insanın simasını əhatə edər.İnsanlar  onun  surətinə baxdıqları zaman iman nurunu müşahidə edərlər.Danışıqları isə hikmət və nəsihətlə dolu olar.İnsanlar onların öyüd və nəsihətindən fatdalanar dünya və axirət həyatlarını düzgün qurarlar.
  Dil qəlbin hikmətlərini ifadə edən bir vasitədir.Qəlb iman nuru ilə doldugu zaman dil onu insanlara paylayar.Qəlbində haqqı arayan və itaətkar insanlar üçün isə bu kəlamlar -elm ,nəsihət,öyüd və iman mənbəyi olar.Belə insanlar haqq yolunu azmış və qəlbi zülmətlə dolu olan insanların onlara xitablarını da gözəl şəkildə dəf edər, pislıklərə yaxşılıqla cavab verərlər.
  عمار اللیل و منار النهار
"Onlar gecələri ibadətdə keçirib ,gündüzləri isə nur saçarlar."
 Buradan biz iman sahiblərinin ən üstün keyfiyyətlərindən biri olan ibadətə həddən ziyadə əlaqəli olmalarını görürük.İbadət Allahla bəndə arasında qurulması vacib olan bir xüsusi rabitədir.Bu rabitə olmadan insan imanın həqiqətini anlaya bilməz. Bu ibadət rabitəsi insanı rəbbinin qulu olma məqamına ucaldar.İmanın dərəcələri artdıqca bəndənin ibadətlərinin keyfiyyət və kəmiyyəti də artar.Bəndə vacib ibadətlərdən başqa müstəhəbb ibadətlərə də xüsusi bir diqqət ayırar.Gecələri Allaha razi-niyaz və ibadətlə keçirər.Gecənin sakitliyində Allah huzurunda ixlasla əyilərək  uzun-uzadı səcdələrdə dua etməsi ,günahlarının bagışlanması üçün ALLAHA yalvarması  onun qəlbini xüsusi bir şəkildə inşa edər.Qəlb evi ibadət,dua, istigfar və tövbənin gətirdiyi zinət və gözəlliklərlə bəzənər.Belə insan gecəni səhər edərkən sanki qürüb etdikdən sonra yenidən dogan günəşə bənzər.İnsanların mənəvi dünyasını əldə etdiyi təqva,hikmət ,irfan nuru ilə işıqlandırar. Bu günəşdən hamı öz istedad və mərifəti  səviyyəsində faydalanar və heç kim məhrum edilməz.

 متمسکون بحبل القران یحیون سنن الله وسنن رسوله
"onlar Quran ipindən çox möhkəm yapışar , Allah və pəsulunun sünnətlərini dirildərlər."
   Həzrət bu kəlamı ilə həqiqi iman sahiblərinin ən ümdə göstəricisi olan qurana baglılıq və peygəmbərin sünnətinə itaət etmələrini qeyd edir.Onlar Qurana çox böyük önəm verirlər.Quran onların həyat tərzini müəyyən edən ,əxlaq və davranışlarını onlara təlqin edən ilahi bir feyzdir.Nə düşüncədə ,nə əxlaqda , nə də əməldə qurana zidd olan bir sırada mövqe tutmazlar.Onlar quranın ardındadırlar ,qarşısında deyillər.Quran muqabilindəki öhdəlikləri onu düzgün dərk etmək ,onun göstərdiyi  yolu xətaya yol vermədən getməkdir.bu yolda onlar quranın bilgisi ilə dolmuş insanların  hikmət və bilgisindən dərin eşqlə yararlanarlar.Qurana baglılıqlarından dolayı onları dərin bir məhəbbətlə sevər,buyuruqlarına qeyd-şərtsiz tabe olarlar.
 Eyni zamanda səy edərlər ki,Allahın qanunları və peygəmbərinin sünnətləri insanlar arasında yayılsın və yaşansın. Özləri əməl  etməklə  peygəmbərin sünnətlərini  zaman-zaman diri və canlı saxlayarlar və heç vəchlə onun unudulmasına və aradan getməsinə yol verməzlər.Çünki cəmiyyətin islah olunmasının bu sünnətlərin canlı olaraq saxlanmasına baglı olmasını dərk etmişlər.
   لا یستکبرون ولا یغلون و لا یغلون و لایفسدون
"Nə təkəbbürlük edər nə də bir üstünlük istərlər.Nə xəyanatkar olar nə də fəsad törədərlər".
 Burda iman nurunun bəzi nəfsani xəstəliklərin əlacı oldugu bildirilir.İnsan nəfsi onun bədəni kimi bir sıra sagalmaz xəstəliklərə tutulur.Bunlardan ən təhlukəlisi kibr, xudpəsəndlik və xəyanətkarlıqdır.Bu xəstəliklər insan toplumuna çox ciddi ziyanlar vurur. Bu nəfsani mərəzlər elə bir təhlükədir ki,onun müalicəsi yalnız iman nuru ilə mümkündür.Allaha olan mərifət və imanla dolu olan bir qəlbdə  kibrin və xudpəsəndliyin  qərar tutması mümkün deyil.Çünki iman nuruidur ki , bütün güc ,izzət və qüdrətin aləmlərin rəbbi olan Allaha məxsus olmasını insanlara anladan.Qəlbə iman daxil olmaqla belə rəzalətləri oradan silib atar.və bu qəlbin sahibini xəyanətkar və fasid olmaga qoymaz.
  قلوبهم فی الجنان و اجسادهم فی العمل

"Onların qəlbləri cənnətlərdə bədənləri isə əməl etməkdədir"
Burada həzrət imanın daha üstün əlamətinə işarə edir.Həqiqi  iman sahibləri dünyada üzləşdikləri bütün çətinliklər , bəlalar və sınaqlara rəgmən  qəlblərini ona yönəlməkdən qoruyub saxlamışlar. Onların bədənləri bu dünyada qərar tutsa da qəlbləri cənnət içindədir.Zərrə qədr də olsa məşəqqətlər onları yaşadıqları cənnətlərdən ayırmaz.Qəlblərində hər an Allah duymaları dünyada ikən onları cənnət içərisində və onun nemətləri əhatəsində qərarlaşdırıb.Ona görə də əza və orqanları hər gün əməl etməkdədir. Şeytani vəsvəsələr və nəfsani istəklər heç vaxt onları bu əməllərdən uzaqlaşdıra bilməz.
 Həqiqi iman sahibləri həyatlarında imanın bu əlamətlərini həmişə yaşadar və istiqamətlərindən heç vaxt dönməzlər.
  HİDAYƏTƏ TABE OLANLARA SALAM OLSUN!
    (DADAŞ ƏLİBƏYLİ)