вторник, 14 июля 2015 г.

Şiənin fiqhi qaynaqları

Şiə Allahın kitabına və Peyğəmbərin (s. a. a) sünnəsinə tabe olaraq şəri hökmləri istinbat etmək üçün aşağıdakı bu dörd təməl qaynaqdan istifadə etməkdədir: 1- Allahın Kitabı 2- Sünnə 3- İcma 4- Ağıl. Bu adı çəkilən qaynaqlar arasında da Allahın kitabı və Peyğəmbərin sünnəsi şiə fiqhinin ən fundamental qaynağı mövqesindədir və bu ikisi haqqında qısaca bir məlumat vermək istəyirik:
Allahın Kitabı; Quran
Şiə məktəbnin təqibçiləri Quranı öz fiqhlərinin ən fundamental və möhkəm qaynağı və ilahi hökmləri tanıma ölçüsü olaraq qəbul etməkdədirlər. Çünki şiə imamları İslamın səmavi kitabı olan Quranı fiqhi hökmlərini əldə etmək üçün ən uca qaynaq olaraq tanıtmışlar. Beləcə hər görüş Quranın sözüylə qiymətləndirilməli və Quran ilə üst-üstə düşdüyü və uyğunlaşdığı təqdirdə qəbul edilməlidir. Əks təqdirdə də ondan üz çevrilməlidir.
Şiənin altıncı öndəri olan İmam Sadiq (ə.s) bu mövzuda belə buyurmuşdur: “Quran ilə uyğun olmayan hər söz əsassız bir sözdür”[1]
Bunun kimi İmam Sadiq (ə.s) də Peyğəmbəri Əkrəmdən belə nəql etməkdədir: “Ey insanlar! Mənə isnad etdikləri hər söz əgər Allahın kitabıyla uyğunlaşma içindədirsə məndəndir və əgər onunla uyğunlaşma içində deyilsə məndən deyil. “[2]
Bu iki hədis də Müsəlmanların səmavi kitabının şiə imamları yanında şəri hökmləri istinbat üçün ən fundamental qaynaq sayıldığını ortaya qoymaqdadır.
Sünnə
Sünnə də Allah Rəsulunun (s. a. a) sözləri, davranışları və təqriri mənasında şiə fiqhinin ikinci aydın qaynağı səviyyəsindədir və Peyğəmbərin (s. a. a) Əhli Beyti olan imamlar müstəqil olaraq Peyğəmbərin sünnəsini və elm xəzinəsini nəql edən kəslər olaraq göstərilməkdədir. Əlbəttə Peyğəmbəri Əkrəmin sözləri də digər mötəbər yollardan əldə edildiyi təqdirdə yenə də şiə tərəfindən qəbul edilməkdədir.
Burada iki sahədə müzakirə etmək və araşdırmaq lazımdır:
Peyğəmbərin (s. a. a) sünnəsinə sarılmanın dəlilləri
Şiə İmamları, təqibçilərinə Quranı tövsiyə etmənin yanında onlara Peyğəmbərin (s. a. a) sünnəsini də tövsiyə etmişlər. Kitab və sünnəni birlikdə tərifləmişlər. Necə ki İmam Sadiq (ə.s) belə buyurmuşdur: “Sizə bir söz çatdığında, əgər Allahın kitabında və Peyğəmbərin sözlərində onun bir dəlilini tapsanız qəbul edin. Əks təqdirdə o söz gətirən kimsəyə daha layiqdir. “[3]
Hakəza İmam Məhəmmədi Baqir (ə.s) də Peyğəmbərin sünnəsinə sarılmağı, bütün şərtlərə sahib bir fəqihin təməl şərti saymış və belə buyurmuşdur: “Gerçək fəqih, dünyadan üz çevirən, axirətə rəğbət edən və Peyğəmbərin (s. a. a) sünnəsinə sarılan kimsədir. “[4]
Şiənin böyük öndərləri, Peyğəmbərin sünnəsi haqqında elə bir dərəcəyə çatmışlar ki Allahın kitabı və Peyğəmbərin sünnəsinə müxalifəti küfr səbəbi olaraq qəbul etmişlər. İmam Sadiq (ə.s) bu mövzuda belə buyurmuşdur: “Hər kim Allahın kitabına və Məhəmmədin (s. a. a) sünnəsinə müxalif çıxsa şübhəsiz kafirdir”[5]
Bu bəyan üzrə açıqca aydın olduğu kimi şiə digər islami qruplardan daha çox Peyğəmbəri Əkrəmin sünnəsinə dəyər vermişdir və beləcə də Şiəni Peyğəmbərin sünnəsinə etina göstərməməklə ittiham edən kəslərin sözlərinin əsassız olduğu isbat edilmiş olmaqdadır.
Əhli Beytin (ə.s) Hədislərinə sarılmanın dəlilləri
Şiənin, Peyğəmbərin (s. a. a) Əhli Beytin (ə.s) hədisləri haqqındakı sözünün açıqlığa qovuşması üçün bu iki mövzunu araşdırmamız lazımdır:
a-Günahsız imamların hədislərinin mahiyyəti
b-Peygamberin Əhli Beytinə sarılmanın lazımlılığının və etibarının dəlilləri
İndi də açıq-aşkar dəlillər işığında sözü çox uzatmadan hər iki mövzunu araşdırmağa keçək.
Allah Rəsulunun (s. a. a) hədislərinin mahiyyəti
Şiə baxımından yalnız aləmlərin rəbbi olan Allah insanlıq cəmiyyəti üçün qanun qoyma və təşri haqqına malikdir. Allah müqəddəs şəriətin hökm və qanunlarını Peyğəmbəri vəsiləsiylə bütün insanlara çatdırmışdır. Açıqca bilindiyi kimi Allah Elçisi insanlar ilə Allah arasında yeganə vəhy və qanun qoyma vasitəsidir. Bu bəyan üzrə aydın olduğu kimi əgər şiə Əhli Beytin hədislərini də öz fiqhinin qaynaqlarından biri qəbul etmişsə bu Peyğəmbəri Əkrəmin sünnəsi qarşısında onlara bir əsalət və müstəqil bir dəyər ətf etdiyi mənasında deyil. Əhli Beytin hədislərinin etibarı da Allah Rəsulunun (s. a. a) sünnəsini bəyan etdiyi səbəbiylədir.
O halda şiənin günahsız imamları da özbaşına bir sözə sahib deyil və dedikləri hər şey Peyğəmbəri Əkrəmin sünnəsinin elə özüdür.
Burada bu sözü isbat etmək üçün Əhli Beytin bəzi rəvayətlərini qeyt etməyi uyğun hesab edirik:
1- İmam Sadiq (ə.s) özünə sual soruşan birinə belə buyurmuşdur: “Sənə verəcəyim hər cavab Peyğəmbəri Əkrəmdəndir və biz öz görüşümüz üzrə danışmarıq. “[6]
Başqa bir yerdə isə belə buyurmuşdur: “Mənim sözüm atamın (İmam Baqirin), atamın sözü isə babamın (İmam Əli b. Hüseynin) sözüdür. Babamın sözü də Hüseyn b. Əlinin və Hüseynin sözü də Həsən b. Əlinin və İmam Həsənin sözü də Möminlərin Əmrinin və onun sözü də Allah Rəsulunun və Allah Rəsulunun sözü də Əziz və celil olan Allahın sözüdür. “[7]
İmam Məhəmməd Baqir (ə.s) Cabirə belə buyurmuşdur: “Atam babamdan, o da Allah Rəsulundan (s. a. a) o da Cəbrayıldan (ə.s), o da əziz və celil olan Allahdan mənə nəql etmişdir. Mənim sənə rəvayət etdiyim də bu isnad ilədir. “[8]
Söz mövzusu rəvayətlər işığında Peyğəmbəri Əkrəmin sünnəsindən ibarət olan şiə imamlarının hədislərinin mahiyyəti də açıqlıga qovuşmuş oldu.
Peyğəmbərin Əhli Beytinə Sarılmanın Lazımlılığının və Etibarının Dəlilləri
Şiə və Sünni muhaddisler, özündən sonra iki qiymətli mirası əmanət olaraq buraxdığına, bütün Müsəlmanları bu iki əmanətə uyğun gəlməyə dəvət etdiyinə və insanların hidayət və səadətinin yalnız bu iki əmanətə sarılmalarıyla mümkün olduğuna və bu iki əmanətdən birinin Allahın kitabı Quran, digəri də Peyğəmbərin Əhli Beyti və itreti olduğuna inanmaqdadırlar.
Burada nümunə olaraq bu rəvayətlərdən bəzilərini nəql edək.
1- Tirmizi Öz Səhihində Cabir b. Abdullah Ənsarıdan və o da Allah Rəsulundan belə rəvayət etmişdir: “Ey insanlar, şübhəsiz mən sizlərə tabe oldugunuz müddətcə əsla sapmayacağınız bir şey buraxıram. Bu Allahın kitabı və mənim itretim olan Əhli Beytimdir. “[9]
2- Hakəza Tirmizi adı çəkilən kitabında belə yazmaqdadır: “Allah Elçisi (s. a. a) belə buyurmuşdur: “Mən sizlərə, məndən sonra sarıldığınız müddətcə əsla sapmayacağınız bir şey buraxıram. Bunlardan biri digərindən daha böyük olan və göy ilə yer arasında uzadılmış bir ip olan Allahın kitabıdır və digəri isə itretim olan Əhli Beytim. Bunlar hovuzda yanıma gələnə qədər əsla bir-birindən ayrılmazlar. Məndən sonra bu ikisinə necə davrandığınıza yaxşı baxın. “[10]
3- Müslim b. Haccac Səhihində Peyğəmbəri Əkrəmin belə buyurduğunu nəql etməkdədir: “Ey insanlar! Mən də bir bəşərəm. Yaxında Allahın elçisi (Əzrail) mənə də gələcək və mən ona razılıq edəcəyəm. Mən sizlərə iki qiymətli şey buraxıram. Onların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. O halda Allahın kitabına sarılın.” Peyğəmbər daha sonra insanları Qurana təşviq etdi və belə buyurdu: “və Əhli Beytim! Mən Əhli Beytim haqqında sizlərə Allahı xatırladıram, mən Əhli Beytim haqqında sizlərə Allahı xatırladıram, mən Əhli Beytim haqqında sizlərə Allahı xatırladıram. “[11]
4- Bir qrup muhaddis Peyğəmbəri Əkrəmdən belə buyurduğunu rəvayət etmişdir: “Şübhəsiz mən sizlərə iki qiymətli əmanət buraxıram. Bunlar Allahın kitabı və Əhli Beytimdir. Şübhəsiz onlar hovuzda yanıma gələnə qədər əsla bir-birindən ayrılmazlar. “[12]
Xatırlatmaq lazımdır ki bu mövzudakı hədislər burada zikr edilə bilməyəcək qədər çoxdur. Böyük araşdırmaçı Seyid Mir Hamid Hüseyn, bu hədisin sənədlərini Abaqat’ul-Envar adlı altı cildlik kitabında bir yerə toplamışdır.
Allahın kitabı və Peyğəmbəri Əkrəmin sünnəsinin yanında adı çəkilən rəvayətlər işığında açıqca aydın olduğu üzrə Peyğəmbərin Əhli Beytinə sarılmaq və onlara tabe olmaq İslamın zəruri hökmlərindən biridir. Onların sözlərini tərk etmək isə insanın sapmasına və dəlalətə düşməsinə səbəb olar.
Burada ortaya çıxan sual budur: İtaətləri Allah Rəsulunun əmriylə bizlərə fərz olan Peyğəmbərin Əhli Beyti kimlərdir. Bu mövzunun başa düşülməsi üçün rəvayətlərə istinad edərək Peyğəmbərin (s. a. a) Əhli Beytinin mənasını araşdırmağa çalışaq:
Peyğəmbərin (s. a. a) Əhli Beyti Kimlərdir?
Adı çəkilən rəvayətlərdən açıqca aydın olduğu üzrə Peyğəmbəri Əkrəm bütün Müsəlmanları Əhli Beytinə tabe olmaga dəvət etmiş və onları Allahın kitabının yanında özündən sonra insanların baş vuracağı qaynaq olaraq göstərmiş və böyük bir açıqlıqla belə buyurmuşdur: “Quran və itrət əsla bir-birindən ayrılmazlar.” Bu əsas üzrə Peyğəmbərin (s. a. a) Əhli Beyti, Allah Rəsulunun onları quranın tayı olaraq tanıtdığı hökmün səbəbilə ismət mövqeyinə sahib olan və İslami təlimlərin aydın bulağından içən kəslərdir. Çünki əksi təqdirdə onlar da Allahın kitabının ayrılmış olardılar. Halbuki Peyğəmbəri Əkrəm belə buyurmuşdur: “Quran və Əhli Beyt, hovuzda yanıma gələnə qədər əsla bir-birindən ayrılmayacaq.
Beləcə Əhli Beyti dəqiq olaraq tanımanın zərurəti və yalnız bütünü Peyğəmbərin itrətinden olan şiə İmamlara uyğunlaşdırıla bilən sifətləri tanımanın lazımlıgı isbat edilmiş olmaqdadır.
İndi də böyük İslam muhəddislerinin rəvayətləri işığında bu mövzudakı dəlillərimizi bəyan edək:
1- Müslim b. Haccac Saqaleyn hədisini bəyan etdikdən sonra belə demişdir: “Yezid b. Heyyan, Zeyd b. Ərqama belə soruşdu: “Peyğəmbərin (s. a. a) Əhli Beyti kimlərdir? Onlar Peyğəmbərin yoldaşlarıdırmı?” Zeyd b. Ərqam cavab olaraq belə dedi: “Xeyr (belə deyil)! Allaha and olsun ki qadın müəyyən bir zaman kişi ilə birlikdədir. Daha sonra o şəxs atasının evinə geri dönsün deyə arvadını boşayar. Peyğəmbərin Əhli Beytindən məqsəd Peyğəmbərin əsli və bağlısı olduğu kəslərdir. Yəni aralarında dərin bir yaxınlıq əlaqəsi olan və Peyğəmbərdən sonra özlərinə sədəqənin haram olduğu kəslərdir.” Bu rəvayət də açıq bir şəkildə onlara sarılmanın eynilə Allahın kitabına sarılmaq kimi fərz olduğu, Peyğəmbərin Əhli Beytindən məqsədin Peyğəmbərin yoldaşları olmadığına şahidlik etməkdədir. Əksinə Peyğəmbərin Əhli Beyti cismani isnadın yanında Peyğəmbərə mənəvi bağlılıq barəsində də xüsusi bir ləyaqətə sahib olan kəslər olmalıdır ki beləcə onları Allahın kitabının yanında dünya Müsəlmanları üçün bir qaynaq olaraq göstərmək mümkün olsun.
2- Peyğəmbəri Əkrəm Əhli Beytin yalnız sifətlərini bəyan etməklə qalmamış, onların sayının da on iki adam olduğunu bəyan etmişdir. Necə ki Müslim, Cabir b. Səmərədən belə rəvayət etməkdədir: “Peyğəmbəri Əkrəmin (s. a. a) belə buyurduğunu eşitdim: “İslam, on iki xəlifəylə əziz qalacaq.” Daha sonra bir şey söylədi ki mən anlamadım. Atama Peyğəmbərin nə buyurduğunu soruşdum. Mənə Peyğəmbərin belə buyurduğunu cavab verdi: “Onların bütünü Qureyşdəndir. “[13]
Müslim b. Haccac eyni şəkildə Allah Rəsulundan (s. a. a) belə buyurduğunu rəvayət etməkdədir: “İnsanların işləri özlərinə on iki imam hakim olduğu müddətcə bir nizam içində olacaq.” Bu iki rəvayət şiənin, “Şiənin on iki imamı Peyğəmbəri Əkrəmdən sonra insanların gerçək öndərləridir” sözünün açıq-aşkar bir dəlilidir. Çünki İslamda Allah Rəsulundan dərhal sonra Müsəlmanların işlərinin mərkəzi mövqeyində olan və İslamın izzət və şövkət səbəbi olan on iki xəlifə Peyğəmbərin Əhli Beytindən olan on iki imam xaricində bir məna ifadə etməməkdədir. Çünki Müsəlmanların ədəbiyyatında raşid xəlifələr deyə bilinən dörd xəlifədən keçəcək olsaq Ümeyye oğulları və Abbas oğullarından olan digər idarəçilər tarixin də şahidlik etdiyi pis davranışlarıyla İslam və Müsəlmanlar üçün bir utanc səbəbi olmuşdur.
Bu əsas üzrə Peyğəmbəri Əkrəmin Quranın tayı və dünya Müsəlmanlarının mərceyi mövqeyi olaraq tanıtdığı Əhli Beytdən məqsəd Peyğəmbərin itrətinden olan on iki imamların şəxsən özüdür və bu İmamlar Allah Rəsulunun sünnəsinin qoruyucusu və elminin daşıyıcılarıdır.
3- Möminlərin Əmri Əli b. Əbi Talib (ə.s) də Müsəlmanların öndərlərinin Haşimoğullarından olduğunu söyləmişdir. Bu da şiənin Əhli Beyti tanıma barəsində söyləmiş olduğu sözün doğruluğunun açıq-aşkar bir dəlilidir. Necə ki Hz. Əli belə buyurmuşdur: “İmamlar Qureyşdən, Qureyşin Haşimi soyun­dandır. Onlardan başqasına rəhbərlik yaraşmaz, vəlayətə onlardan başqası layiq deyil. “[14]
Nəticə:
Bütün bu haqqında danışılan rəvayətlərin ümumisindən bu iki həqiqət ortaya çıxmaqdadır:
1- Peyğəmbərin Əhli Beytinə sarılmaq və onlara tabe olmaq Allahın kitabına itaət kimi fərzdir.
2- Quranı Kərimin tayı və dünya Müsəlmanlarının mərceyi məqamı olaraq tanıdılan Allah Rəsulunun Əhli Beyti aşağıdakı xüsusiyyətlərə malikdir:
a-Hamısı da Qureyşdən və Haşim oğulları boyundandır.
b-Onların hamısı da Allah Elçisi ilə elə bir yaxınlığa malikdir ki onlara sədəqə haramdır.
c-Əhli Beyt imamlarının bütünü ismət məqamına malikdir. Əksi təqdirdə praktik olaraq Qurani Kərimdən ayrı olmaları lazım idi. Halbuki Peyğəmbəri Əkrəm belə buyurmuşdur: “Bu Quran və itrətim Kövsər hovuzunun kənarında yanıma gələnə qədər bir-birindən əsla ayrılmazlar.”
d-Əhli Beyt imamları on iki adamdır və Allah Rəsulundan sonra bir-biri ardında Müsəlmanların öndəri və vəlisi mövqeyindədir.
e-Peyğəmbərin (s. a. a) bu on iki xəlifəsi İslamın getdikcə artan izzət və şövkətinin səbəbidir.
Rəvayətlərdən əldə edilən bu sifətlər göz qarşısında saxlanıldığı təqdirdə, Peyğəmbərin Müsəlmanlara tabe olmagı tövsiyə etdiyi Əhli Beyt imamlarından məqsədinin, şiənin fiqhi hökmlərini tanımada onlara uymaq və tabe olmaqla öyündüyü Peyğəmbəri Əkrəmin itrətinden olan on iki İmam olduğu gerçəyi gün kimi ortaya çıxacaq.

Ayetullah Cəfər Subhani.
mutərcim:Dadash Əlibəyli.
……………………………………………………………………………………………………………..
[1] Üsulu Kafi, c. 1, Kitabı Fezl’il-İlm, Babul-Ehz bil-Sünnəti və Şevahid’il-Kitap, 3. hədis
[2] a. g. e. 5. hədis
[3] Üsulu Kafi, c. 1, Kitabı Fezl’il-İlm, Babul-Exz bil-Sünne və Şevahid’il-Kitap, 3. hədis
[4] a. g. e. 8. hədis
[5] a. g. e. 6. hədis
[6] Məscidi Ehadis’iş-Şia, c. 1, s. 129
[7] a. g. e. s. 127
[8] a. g. e. s. 128
[9] Səhihi Tirmizi, Kitab’ul-Menakıb, Babı Menakıbı Əhli Beytin-Nəbi, c. 5, Beyrut nəşri s. 662, 3786. hədis
[10] a. g. e. s. 63, 3788. hədis
[11] Səhihi Müslim, c. 7, Babı Fezaili Əli b. Əbi Talib, Misir Nəşri, s. 122 və 123
[12] Müstedreki Hakim, c. 3, s. 148; əs-Sevaik’ul-Muhrika, 11. bab, 1. fəsil, s. 149. Aşağıda zikr edilən kitablarda da buna yaxın sözlər yer almishdir: Müsnedi Əhməd, c. 5, s. 182 və 189; Kenz’ul-Ummal, c. 1, Babui-itisam- bil-Kitabı ve’s-Sünne, s. 44
[13] Səhihi Müslim, c. 6, s. 3, Misir Nəşri
[14] Nehc’ül-Belağa, 144. xütbə