понедельник, 6 мая 2013 г.

İNANCSIZLIGIN TƏHLUKƏSİ

İnancsızlıgın təhlükəsi.
İstər bir fərd olsun istər də toplum olsun onu kəmalə dogru aparan və tənəzzül və fəsada ugramaqdan qoruyan bir sıra şərt və amillər vardır. Bu şərtlər və amillər içərisində insanın və toplumun mənəvi çöhrəsi ilə əlaqəli olub onun ruhi mövcudiyyətini təmin edən şərt və amillər daha önəmlidir.İnsan maddi və ruhi çöhrədən təşəkkül tapdıgı üçün, həm maddi həm də ruhi yönünün ehtiyaclarının təmin olunub , tərəqqi və təkamülə yetişməsi üçün hər iki cəhətin təsiredici şərtləri və səbəbləri mövcud olmalıdır. Eyni zaman da toplum da insanların müəyyən şərtlər və qanunlar çərçivəsində birgə həyat sürməsindən ibarət oldugu üçün , onu da bir vucud kimi təsəvvür etməyimiz mümkündür.Ona görə də bir insan vucudu üçün təhlükəli sayılıb onu fəsada, tənəzzülə və məhvə dogru aparan mənfi keyfiyyətlər, həmin insanın da üzvü oldugu bir cəmiyyət üçün də fəsada ugradıcı təsirlərini qoruyub saxlamaqdadır. Beləliklə insan və toplumun mənəvi çöhrəsini ayaqda saxlayan onu, üstün dəyərlərə və məqamlara çatdıran amilləri tanımamız lazımdır. Bu amillər içərisində ən təsirlisi və həyatverici amil insanın və toplumun etiqadi yönü ilə baglı olandır.Bir insan və ya bir toplum susuz və havasız yaşaya bilmədiyi kimi etiqadsız və inancsız da yaşaya bilməz.Elə bu səbəbdəndir ki, dünyada inancsız nə bir insan nə də bir toplum tapmaq mumkun deyildir.Çünki inanc və qeybi həqiqətlərə baglanmaq bəşərin fitri keyfiyyətlərindəndir.Yəni bu bəşərdə artıq onun vucudundan heç vaxt ayrılmayan bir hiss və duyguya çevrilmişdir.Bu inanc duygusunu müxtəlif amillərin, təbligatların və süni anti-etiqadi mühütlərin formalaşdırılması ilə ötəri olaraq unutdurmaq mümkündür, lakin tamamilə yox etmək heç vaxt mümkün olası bir şey deyildir. Ona görədə zaman-zaman tarixdə belə inancsız muhitlər və məktəblər formalaşmış və müvəqqəti də olsa bəşəriyyət üçün öz mənfi təsirlərini qoruyub saxlamışdır. Belə olan təqdirdə bəşər üçün inanc və etiqad təhlükəsi necə mümkün ola bilər və belə bir inancsız muhit icad olunarsa, toplum üçün hansı mədəni, əxlaqi, ideoloji fəsadların yaranması mümkündür? 
Bunun üçün inancın toplum həyatındakı yerini və onun insanlıq üçün əhəmiyyət və faydalarını dərk etməyimiz lazımdır.
Əvvəlcə bilmək lazımdır ki, saglam inanc və əqidə cəmiyyətin hansı keyfiyyətdə mövcud olan bir tolum oldugunu göstərən bir amildir. Ola bilsin dünyada biz elə millət və toplumlarla rastlaşaq ki,modern dünyanın bütün elmi, iqtisadi, texnoloji təminatları ilə təchiz olunmuş olsun.Lakin bunlara sahib olmaq, o toplumun keyfiyyətli bir toplum oldugunun göstəricisi sayıla bilməz.Çünki bunlara sahib çıxmaq bəşərin zahiri və keçici ehtiyaclarının temin edilməsi üçün lazımdır, ancaq onun ümumi hədəf və qayəsinin əldə olunmasına xidmət etmir. Saglam bir əqli təfəkkürlə mövzuya yanaşsaq, o zaman hansı şeyin bəşərin məqsəd və qayəsini ona müəyyənləşdirirsə, həmin şeyin onun üçün həyati əhəmiyyətli oldugunu dərk etmiş olacagıq. Bu cəhətdən inanc və etiqada yanaşsaq, onun bəşəriyyət üçün nə qədər lazımlı olub, ona istiqamətverici oldugunu görəcəyik. Belə ki, bilməyimiz vacibdir ki, inanc bəşər üçün məqsəd və amal formalaşdıran ən üstün bir dəyərdir. Bəşərin içindən dogan inanc duygusu onun üçün bir sıra idealları müəyyənləşdirərək , onları müqəddəsləşdirir və insanlıga məqsəd və amal olaraq təqdim edir. Bir sıra üstün ideallar vardır ki, bəşər onu saglam əqlin təfəkkürü sayəsində dərk edir.Bunlar elə ideallardır ki, toplumu onlara yetişmək üçün təşviqləndirərək səy etmələrini saglayır, onları bu ideallara yetişmək ücün hansı fəzilətlərə sahib olmalarını onlara təlim edir. Bu idealları insanın sadəcə olaraq dərk etməsi kifayət deyil, bəlkə qəlbən ixlaslı şəkildə onlara iman etməsi, güclü bir şövqlə baglanaraq ardıyca getməsi lazımdır.Saglam inanc bəşəri yalançı və keçici olan zahiri dəyərlərdən uzaqlaşdırır, ona həyatın müvəqqəti olmayıb davamlı oldugunu,dünyanın deyil axirətin əbədi oldugunu anladır. Ona görə də Allaha və axirətə inanc duygusu bəşəri xüsüsi bir şəkildə tərbiyyə edərək, onu dunyanın bəla və müsibətləri zamanı səbirli və təmkinli qərar verir, onda mohkəm və istiqamətli bir ruh formalaşdırır. O,zaman inancsız və ya istiqamətli inancdan saptırılmış bir insanın və ya cəmiyyətin durumuna baxaq, onu nəyə bənzətmək mümkündür?.Bu sanki, dahi bir memarın xüsusi bir məharətlə yondugu insan heykəlinə və yaxud dahi bir moda ustasının xüsusi bir zövqlə bəzəyib süslədiyi bir manikenə bənzəyir. Onlar ilk baxışdan insanı özünə cəlb edərək məftun etsəlkər də ruha malik olmayan cılız bir əşyadan başqa bir şey deyildir.İnancını itirmiş toplum da eynən ruha sahib olmayan hərəkət və tərəqqidən məhrum bir cəsəd kimidir.İnanc yoxdursa, bəşərin ruhu yox deməkdir. Ruha sahib olmayan varlıq da hərəkətdən məhrum olmuş nə özünü nə də digərlərini dəyişdirib inkişaf etdirməyə sahib olmayan bir ölüdür.
(Dadash Elibeyli)