вторник, 23 августа 2011 г.

islami fəthlər haqqında




İslam dininin dünya ölkələrində yayılması və genişlənməsi bir çox dünya tarixçiləri və şərqşünasları tərəfindən müxtəlif cür izah edilir. Bəzi tarixçi və şərqşünaslar İslamın yayılmasını ərəb xilafətinin digər ölkələri işğal etməsi kimi dəyərləndirirlər. Onların fikrincə İslamın yayılması və genişlənməsi məsələsi həqiqətdə, işğalçı və irticaçı bir mahiyyət daşıyan ərəb xilafətinin siyasi məqsədlərinə xidmət edirdi. Çünki din amili fəth etməkdə daha çox yetərli olduğu üçün, ərəb xəlifələri bu amildən öz məqsədlərini həyata keçirmək üçün lazımınca istifadə edirdilər. Əsl məqsəd isə yeni-yeni əlverişli xüsusiyətlərə malik olan əraziləri ələ keçirmək, iqtisadiyyatı və ticarəti öz əllərində təmərküzləşdirməkdən ibarət idi. Bununla da bütün şərq və qərbin ən əhəmiyyətli məntəqələrini ələ keçirib, dünya iqtisadiyyatı və ticarətinə hakimlik etmək onlar üçün asanlaşmış olurdu. Buna görə də Quranın və İslamın vəhdətə çağırış amilindən öz məqsədlərini həyata keçirmək üçün, zahirdə İslam dinini yaymaq və təbliğ etmək adı ilə fəthlərə başlayır və zor gücünə bu dini digər xalqlara qəbul etdirirdilər. Çünki İslam dininin zorla qəbul etdirilməsi onların işğalçılıq niyyətlərini də tez bir zamanda həyata keçirməyə imkan verirdi.

Lakin məsələni tarixi nöqteyi-nəzərdən araşdırdıqda, biryönlü təhlillər aparan qərb şərqşünaslarının təhlillərinin qeyri-düzgünlüyü ortaya çıxır. Əgər biz İslamın yaranma tarixinə nəzər salsaq, görərik ki, o dövr dünyaya meydan oxuyan iki böyük imperiya; Bizans və Sasani imperiyalarının ən qüvvətli dövrləri idi. Şərqşünasların islami işğallar adlandırdıqları, islami zəfərlər də əsasən bu iki imperiyanın ərazilərində baş verirdi. Bu gün biz o dövrün tarixi səhnəsinə nəzər saldıqda görərik ki, nə qədər qısa bir zaman fasiləsində yeni yaranmış zəif İslam qoşunları, son dərəcə qüdrətli olan bu imperiyaların ərazilərini necə də asanlıqla fəth edirdilər. İslamın meydana gəlməsindən əvvəl ərəb qəbilələrinin dünya siyasi səhnəsində heç bir nailiyyətinin olmamasını görüb, İslamdan sonra böyük imperiyaların öz ərazilərini bir-bir müsəlman icmasına təslim etməsini müşahidə etmək, son dərəcə heyrətləndirici bir haldır. Həzrət Peyğəmbərin vəfatından az sonra müsəlmanlar Suriya, Fələstin, Antakiya kimi, Bizansın ən əhəmiyyətli ərazilərini fəth edib, islamlaşdırırdılar.

Eyni zamanda Sasani kimi qüdrətli bir dövlətin iki çayarası kimi əraziləri müqavimətsiz olaraq İslam qoşunlarına təslim olurdular. Deməli, Cahiliyyət Dövrünün dəyərsiz və qeyri-insani qanunları ilə idarə olunan ərəb qövmləri İslamdan sonra yeni bir dəyər və mədəniyyətə sahib olmuşdular. Cahiliyyət Dövründə yaşayan ərəb qövmləri, hətta öz tayfa və qəbilələri arasında da belə bir ülfət və vəhdətə nail olmamışdılar. O dövrdə bu qəbilələrə hakim olan Cahiliyyət qanunları, nəsil və nəsəb təəssübkeşliyi, elm və maarifdən tamamilə uzaq olmaq, ərəbləri o zamankı dünyanın ən geridə qalmış bir millətinə çevirmişdi. Lakin İslam zühur etdikdən sonra isə Cahiliyyət adət və ənənələri ilə barışmaz olan, elmi və mənəvi dəyərləri dəstəkləyən qanun və qadağalar ərəb cəmiyyətində görünməyən çevrilişə və islahata səbəb oldu. Özündə tamamilə humanist və sülhsevər məziyyətləri daşıyan İslam dini, bütün millətlərin psixologiyasına və fitrətinə uyğun idi. Elə buna görə də İslam dini ərəb qəbilələri arasında əsrlərlə mövcud olub, heç bir amilin kökünü kəsib ata bilmədiyi qan və nəsil düşmənçiliyini tez bir zamanda aradan apardı. İslam onlarda bu hissin əvəzində, dostluğun, məhəbbətin, ülfətin əsasını qoyub vəhdət toxumunu səpdi. Həmin bir-birinə düşmən qövmləri bir məqsəd və amal uğrunda birləşdirdi. Buna işarə olaraq Allah Qurani-Kərimdə buyurur: «Ey Peyğəmbər! Əgər sən yer üzündə olanları onların arasında, ülfət yaratmaq üçün xərcləsəydin, bunu bacarmazdın, lakin Allah onların arasında ülfət yaratdı».

Yəni Allah İslam və iman həqiqəti ilə onlar arasında bir ülfət və birlik yaratdı. Deməli, İslamın gətirdiyi qanunlar, o qədər humanist və ədalətli idi ki, hətta bir-birinin qanına susamış tayfalar belə, o qanunları cəmiyyətləri üçün əhəmiyyətli sayıb bir mərkəz ətrafında birləşirdilər.

Eynən İslam qoşunları qonşu ölkələrə yürüşlər etdiyi zamanda İslami dəyərləri əllərində əsas tutduqları üçün onun göstərdiyi hüdudlardan kənara çıxmırdılar. Buna görə də Bizans və Sasani imperiyalarının zülm və ədalətsizliyindən cana doymuş Yaxın Şərq və Aralıq dənizi ətrafında yaşayan xalqlarda İslam və müsəlman icması böyük rəğbət hissi oyatmışdı.

Bunun ən mühüm səbəbləri Bizans və Sasani dövlətlərinin imperialist siyasət yürütmələri, xalqların və millətlərin mədəniyyət və mənəviyyatına qarşı mürtəce bir niyyətə sahib olmaları idi. Bu imperiyaların dövlət quruluşu, hakim siniflərin həddən artıq xalqa əzab və əziyyət vermələri, aşağı təbəqə arasında onlara qarşı çox güclü bir nifrət yaratmışdı. Sasani və Bizans saray sistemində həddən artıq bir təbəqələşmə mövcud idi. Bu sinifləşmə bir təbəqənin həddən artıq varlanmasına və güclənməsinə, digər bir təbəqənin isə işgəncə və zülmə düçar olub, hüquqlarının amansızcasına pozulmasına gətirib çıxardırdı.

Bu imperiyaların dini və məzhəbi durumu da çox acınacaqlı bir vəziyyətdə idi. Sasani imperiyasında zərdüştlük və atəşpərəstlik, Bizansda isə xristianlıq hakim sinfin mənafeyinə xidmət edirdi. Bizans imperatorlarının xristian dininin əsaslarını, öz xeyirlərinə necə açıq şəkildə dəyişdirdikləri tarixçilərə məlumdur. Ruhani sinfi Bizansda və İranda şahənşah və imperatorun hər hansı qeyri-qanuni hərəkətinə dini bir əsas verərək rəsmiləşdirirdilər. İranda zərdüştlüyün bidətlərinə qarşı baş vermiş, məzhəbi bir hərəkat olan məzdəkizm də buna açıq bir misal ola bilər. Məzdəkizm cərəyanının mənfi xüsusiyyətlərinə baxmayaraq, dövrün hakim və dini təbəqəsinə qarşı baş verən bir hərəkat idi.

Belə bir siyasi və dini şəraitdə yaşayan millətlər İslam dininin qanunları və müsəlman icması ilə üzləşdikdə, onlarda tamamilə bunun əksini müşahidə etdilər.

Onlar müsəlmanların sadəliyini, müsəlman icmasının fərdləri arasında heç bir fərqin qoyulmamasını, ədalətin və haqqın onlara hakim olmasını gördülər. Bunu gördükdən sonra anladılar ki, bu insani keyfiyyətləri onlarda yaradıb yaşadan yalnız, din və İslam amilidir.

Bu da o xalqların dini düşüncələrinin dəyişməsində, ədalətə və haqqa səsləyən İslam dininə qarşı onlarda xoş bir təəssüratın yaranmasında, böyük bir təsir qoydu.

Deməli, İslam fəthlərində heç bir xalqa və millətə qarşı İslamiyyəti qəbul etməkdə zor işlətməmişlər. Əksinə tarixi faktlarda Bizans və Sasani tabeçiliyində olan millətlərin İslam qoşunlarına könüllü olaraq təslim olmaları faktları mövcuddur.

Lakin bəzi tarixçilər hadisələri təfərrüatına qədər bilmədikləri üçün lazımsız yerə hadisələri ümumiləşdirərək arasındakı fərqlərə varmadan təhlillər etmişlər. Nəticədə islahat xarakteri daşıyan fəthlərlə, işğalçı mahiyyətli fəthlərin səbəblərini eyniləşdirərək, eyni cür dəyərləndirmişlər.

Tarixdən söyləyəcəyimiz dəlillər isə «yeni-yeni əraziləri işğal etmək niyyəti ilə İslamı zorla yaymışlar»-deyən şəxslərin fikirlərini alt-üst edir.

Məsələn, İslam qoşunlarının Beytül-Müqəddəsə girişi zamanı bütün Fələstin əhalisi müsəlmanları xoş əhvali-ruhiyyə ilə qəbul etmişdilər. Hətta xəlifənin qoşun başçısı Əbu Übeydə İbnil-Cərrah ona bir məktub yazmış və bu məktubda fələstin yəhudi və xristianlarının müsəlmanları böyük ehtiramla qarşıladıqlarını və məxsusən xəlifənin özü ilə sülh əhdnaməsi bağlamaq istədiklərini bildirmişdi. Buna görə də Xəlifə Ömər ibn Xəttab həzrətləri özü Beytül-Müqəddəsə getmiş və Əhli-Kitab da təntənə ilə xəlifəni qarşılamışdılar. Xəlifə də onlarla sülh müqaviləsi bağlamışdı.

Beynənnəhreyn (iki çay arası) əraziləri də İslam qoşunları tərəfindən fəth olunan zaman yerli aramilər və digər xalqlar müsəlman icmasını razılıqla qarşılamışdılar. Onların ədalətsevərliyini, aralarında hökm sürən bərabərlik və qardaşlığı, Sasani zülm və sitəmindən qurtuluş kimi qiymətləndirmişdilər. Eləcə də Suriyanın və Antakiyanın fəthi buna bariz bir nümunədir. Xristian dini və siyasi həyatından bezmiş Suriya və Antakiya xalqı açıq şəkildə İslama və müsəlmanlara meylli olduqlarını aşkar etdilər. Müsəlman qoşunları da rahatlıqla bu ərazilərdə yerləşib İslami quruculuğa başladılar.

İslam qoşunları fəqət bu ərazilərdə İslamın yayılmasını istəməyən Bizans imperatorunun qoşunları ilə vuruşmuş və bu əraziləri onların işğallarından qurtarmışdı.

Hətta bəzi şərqşünaslar da islami fəthlərin məqsədini düzgün şəkildə başa düşərək, İslamın zorla qəbul etdirilməsi fikrini qəbul etmirlər.

Bunlardan biri böyük qərb şərqşünası Y.Vellhausendir. O, islami fəthlərin zorakılıq və işğalçılıqla aparılmasını qəbul etməyərək, onun tez bir zamanda böyük-böyük ərazilərə yayılmasını daşıdığı ümumbəşəri keyfiyyətlərlə əlaqələndirirdi. Onun fikrincə İslamın əsas ideyasına çevrilən zülm və ədalətsizliyə qarşı mübarizə, insanları bəşərin zülmündən xilas olub, ilahi bir vəhdətə doğru səsləyiş onun tez bir zamanda yayılmasının əsas səbəbi idi.

Vellhausen şərqşünasların əksinə olaraq müsəlmanların çoxlu əraziləri işğal etmək niyyətində olmalarını rədd edərək deyir ki, əslində müsəlmanlar fəth olunmuş ərazilərdə İslamın təbliğinə üstünlük verərək, islahat işləri ilə məşğul olurdular.

İslamın zorla digər ərazilərə qəbul etdirilməsi fikrini rədd edən dəlillərdən biri də tabeçiliyə gətirilmiş ərazilərin idarə olunma qaydası idi.

Bütün tarixçilər bunu çox gözəl bilirlər ki, fəth olunmuş ərazilərdə yaşayan kafirlər İslamı qəbul etməyə məcbur edilmirdilər. Onlar müsəlmanların himayəsində yaşayaraq, öz toxunulmazlıqlarını qoruyub saxlayır və öz dinlərini yaşayırdılar. Belə millətlərə müsəlman dövləti himayəsində yaşayan «zimmi» kafirlər deyilirdi. Əgər İslamın zorla qəbul etdirilməsi düzdürsə, bəs onda niyə onlara müsəlmanların himayəsində yaşayıb öz dinlərinə etiqad etmək icazəsi verilmişdi.

Düzdür, sonradan bəzi sülalələr xilafətdə hakimiyyət başına gəldikdən sonra öz niyyətlərinə çatmaq üçün islami fəthlərin əsas mahiyyətini dəyişdirdilər. Çünki artıq Peyğəmbər (s) dövründə mövcud olan müsəlman icması öz mahiyyətini itirmiş, xilafət isə bir səltənət sisteminə çevrilmişdi. Ancaq belə ünsürlərin yaranması İslam dinini aradan apara bilməmiş və yerlərdə səltənət sahiblərinə qarşı güclü etiraz və qiyamların baş verməsinə gətirib çıxarmışdı. Məsələn, Bəni-Üməyyə sülaləsi İslamı tamamilə aradan aparıb, onun yerində bir şahlıq sistemi yaratmaq istəyirdilər. Bu da İmam Hüseyn (ə)-ın onlara qarşı bərk etirazına və qiyamına səbəb olmuşdu.

İslami fəthlərin başlanğıc dövründə də belə ünsürlərin müsəlman icmasında olmasına baxmayaraq, zahirdə İslamın qanun və şərtlərinə riayət etmək məcburiyyətində idilər. Onlar yeni-yeni əraziləri fəth etdikdə də Peyğəmbər (s)-in sünnətinə riayət edib, onun kimi addım atmalı idilər.

Bütün dünya tarixçilərinə bəllidir ki, Peyğəmbərimiz  İslami dəvətini zorla deyil, sülh yolu ilə etmişdir. O, böyük məntəqələrin hakimlərinə məktublar yazaraq, onları Allahın itaətinə və İslam kimi kamil bir dini qəbul etməyə dəvət etmişdi. Peyğəmbərimizin bu cür dəvəti də bir çox məmləkət padşahlarında xoş təəssürat yaratmış və o Həzrətə qarşı dərin bir məhəbbət hissi oyatmışdı.

Hətta bəzilərinin, Həbəşistan hakimi Nəcaşi kimi şəxsiyyətlərin İslamı qəbul etməsinə səbəb olmuşdu. Peyğəmbərimiz qılıncla fəth etməkdənsə, Quranla hidayət etməyə daha çox üstünlük verir, öz səfər və yürüşlərində də əməli olaraq bunu göstərirdi.

Ona görə də Peyğəmbərimizin atdığı addımlar müsəlmanlar üçün bir örnək olduğuna görə onlar öz fəth və yürüşlərində də onun sünnətini yaşadır, fəth etdiyi ölkələrin xalqları ilə dinin və sünnətin hüdudları çərçivəsində davranırdılar. Fəth olunmuş ərazilərdə gedən təbliğat metodu bunu təsdiq edir. O zaman hər hansı əraziyə valilər göndərməklə yanaşı, güclü mühəddis və alimlər də göndərilirdi. Məsələn, Salmani Mühəmmədi Mədain ərazisinə vali təyin olunan zaman, Abdullah ibn Məsud da oraya İslamı təbliğ etmək niyyətilə fiqh və hədis müəllimi kimi göndərilmişdi.

Həzrət Əli (ə) da ölkələrə valilər təyin etdiyi zaman onların əhalisi ilə yaxşı şəkildə davranmağı tapşırar, qeyri-müsəlman əhalisi ilə də ədalətlə rəftar etməyi tövsiyə edərdi. Bunu Həzrətin Malik Əştəri Misirə vali təyin etdiyi zaman yazdığı əhdnamə sübut edir. O əhdnamədə Həzrət buyurur: «Ey Malik! Həqiqətən onlar iki dəstədirlər; ya səninlə din qardaşları, ya da xilqətdə səninlə bərabər olub sənin kimi insandırlar».

Deməli, tarixdən gətirdiyimiz faktlar hadisələri biryönlü təhlil edən şərqşünasların fikirlərini alt-üst edərək, o dövrdə müsəlmanların işğalçılıq niyyətinin olmamasını təsdiq edir və İslamın zor gücünə qəbul etdirilməsi nəzərini tamamilə rədd edir.

imam həsən əsgəri(Ə.S)ın ishaq adlı tərəfdarına məktubu



İmam Həsən Əsgəri (a.s)ın Müxtəlif Mövzularla Əlaqədar Hədisləri

İmam Həsən Əsgəri (a.s)ın İshak İbni İsmayılı Nişaburi'ye(1) Məktubu

Allahı Təala, bizi və səni öz örtüsüylə örtsün və bütün işlərində səni öz lütfüylə güdsün. Məktubunu (oxudum və nə demək istədiyini) anladım. Allah sənə xeyr versin. Biz, Allahın şükrü və neməti sayəsində dostlarımıza acıyan, Allahın onlara ard arda verdiyi lütfkarlıq və fəzlindən ötəri sevinən və Allahın onlara verdiyi hər nemətə hörmət edən bir Əhli Beytik.

Ey İshak, Allah, sənə və sənin kimi bəsirətli etdiyi kəslərə mərhəmətiylə nemətini tamamlasın, nemətinin tamamlanmasını da cənnətə girmək olaraq  müqəddər etsin. Hər nemətin şükrü -o nemət nə qədər böyük və dəqiymətli olsa belə-  əlhəmdulillah deməklə (Allaha həmd etməklə) yerinə yetirilər. Mən də: "Sənə  bagışda  bulunub təhlükədən səni qurtardığı və çətin yolu sənə asanlaşdırdığı üçün Allaha, əbədiyyətə qədər həmd edənlərin ən üstün həmdiylə həmd olsun." deyirəm. Allaha and olsun ki bu iş (imamı tanımaq), olduqca çətin və çətindir; və əvvəlki səmavi kitablarda zikri keçmiş olan  çətin bir keçiddir.

Siz həm əvvəlki imamın dövründə onun vəfatına qədər və həm də mənim zamanımda bəzi işlər gördünüz ki, mənim nəzərimdə o işlərdə bəyəniləcək bir görüş və müvəffəqiyyətə sahib deyil idiniz.

Ey İshak, bunu qəti olaraq bil ki, kim bu dünyadan kor olaraq çıxarsa, axirətdə də kor və yol cəhətdən daha  azgın olar.

Ey İshak, (bu) gözlər kor olmaz, lakin sinələrdəki  qəlblər kor olar. Necə ki Allahı Təala kitabının möhkəm ayəsində zalım olan kimsə haqqında belə buyurur: (O zalım deyər ki:) "Rəbbim, məni niyə  kor olaraq  həşr etdin halbuki mən görürdüm?" (Allah da) Deyər ki: "İşdə belə; sənə ayələrimiz gəlmişdi də sən onları unutmuşdun  ( qəlb gözünü açmamışdınıl), bu gün də sən işdə belə unudularsan. "(2) Allahın, xalqına olan hüccetinden, şəhərlərində olan əminindən və qullarına olan müşahidə edicisindən -əvvəlki ataları olan peyğəmbərlər və sonrakı ataları olan   vəsilər xaricində-  hansı   nişanə  daha  böyükdür? (İşdə  bu  yüzdən Allahın ən böyük ayəs(n)i olan zamanın imamını tanımamaq qiyamət günündə korluğa səbəb olar).

Sizi çaşmış halda hara aparırlar? Siz də heyvanlar kimi başınızı aşağı salıb hara gedirsiniz? Haqqdan imtina edib batiləmi yönəlirsiniz? Allahın nemətinə nankorluqmu edirsiniz? Yoxsa Allahın kitabının bəzisinə iman edib, bəzisini inkar edən kəslərdənmi olursunuz? Sizdən və sizdən olmayanlardan belə edənlərin cəzası, dünya həyatında alçaldılmaq və baqi olan axirət yurdunda da uzun əzabdan başqa bir şey deyil. Allaha and olsun ki bu, böyük bir alçaqlıqdır.

Allahı Təalanın, minnət və rəhmətiylə bəzi vəzifələri sizə fərz etməsi, sizə möhtac olduğundan ötəri deyil. Çünki ONdan başqa ilah yoxdur. Özündən bir rəhmət olaraq; yaxşını pisdən ayırd etməsi, sinələrinizdəki sirləri sınaması, ürəklərinizdə olanları təmizləməsi, rəhmətinə doğru yarışmanız və cənnətdəki mövqelərinizin (əməllər hasebiyle) bir-birindən üstün olması üçün o vəzifələri sizə fərz etdi. Beləcə həcci, ümrəni, namazı, zəkatı, orucu və vəlayəti (Əhli Beyt İmamlarını tanımanı) sizə fərz etdi. Fərzlərin qapılarını açmanız üçün, sizə bir qapı açdı və yolunu tapmanız üçün, sizə bir açar (yəni vəlayəti) verdi.

Əgər Məhəmməd sallallahu əleyhi və alih və övladlarından olan qəyyumları olmasaydı, heyvanlar kimi  azgınlıq içərisində qalıb  fərzlərdən heç birini tanımazdınız. Görəsən şəhərə, giriş qapısından başqa bir yerdən girilərmi? Allah Peyğəmbərdən sonra vəlilər təyin etməklə sizə olan nemətini tamamladığında kitabında bu ayəs(n)i endirdi: "Bu gün dininizi ikmal etdim, üzərinizdəki nemətimi tamamladım və sizə din olaraq İslamı seçib bəyəndim. "(3) Vəliləri üçün sizin üzərinizdə bəzi haqqlar fərz etdi.  həyat yoldaşlarınız, mallarınız, yemək və içkilərinizi sizə halal olması üçün o haqqları əda etməyi sizə əmr etdi. Allah buyurur ki:

"De ki: Sizdən, təbliğimə qarşılıq bir ödəniş istəmirəm, istədiyim ancaq yaxınlarıma sevgi göstərmənizdir. "(4)

Bilin ki kim (bu haqqları ödəməkdə) xəsislik etsə bu xəsisliyi yalnız öz zərərinədir; Allah müstağnidir (ehtiyacsızdır), sizlərsə möhtacsınız. ONdan başqa ilah yoxdur. Lehinizə və əleyhinizə olan danışmalar  uzandıqca uzandı.

Əgər Allahı Təala, üzərinizdəki nemətini tamamlamağı iradə etmiş olsaydı, əvvəlki İmam aleyhissələm vəfat etdikdən və siz aqibətinizin nə olacağı haqqında qəflət içində olduğunuz bir dövrdə İbrahim ibni ABdəni sizə   vəkil etdikdən və Məhəmməd ibni Musa Nişaburi vasitəsiylə sizə göndərdiyim məktubdan sonra mənim nə bir yazımı görərdiniz, nə də bir sözümü eşidərdiniz. Hər vəziyyətdə kömək istənəcək olan ancaq Allahdır. Əsla/çəkin Allah haqqında (və din barəsində) qüsur  etməyin;  yoxsa   hüsrana   uğrayanlardan olarsınız. Allahın itaətindən üz çevirən və onun övliyasının öyüdlərini qəbul etməyən kimsə, Allahın rəhmətindən uzaq olsun.

Allah sizə, özünə, Rəsuluna və ulu-l əmrə itaət etməyi əmr etmişdir. Allah, sizin gücsüzlüyünüz və qəflətinizdən ötəri sizə mərhəmət edib işlərinizdə sizi səbirli etsin. İnsanı, Kərim olan Rəbbinə qarşı məğrur edən nədir? Əgər sərt daşlar, bu məktubda olan şeylərin bəzisini anlamış olsadılar, Allah qorxusundan parçalanaraq ONA itaətə yönələrdilər. Dilədiyiniz şeyi edin; "Allah sizin əməllərinizi görəcək, ONun Elçisi də, möminlər də. Daha sonra gizlini də açığı da bilənin yanına çeviriləcəksiniz və O, sizə etməkdə olduqlarınızı xəbər verəcək. "(5)

Həmd, aləmlərin rəbbi Allahadır. Allahın rəhməti, Məhəmməd və bütün soyuna olsun.

quran peygemberi nece tanıtdırır



Bəşəriyyəti öz ardınca aparmaq istəyən hər bir məktəb və cərəyan hər şeydən əvvəl əz öndər rəhbəri ilə tanınır. Həmin öndər rəhbər bu ideoloji məktəbin məqsəd və məramının nədən ibarət olmasını insanlara açıqlayan şəxsiyyətdir. Onun hadisələrə, həqiqətlərə, dəyərlərə verdiyi o qiymət məktəbin tərəfdarları üçün də nümunə və örnəkdir. Bəşəriyyət tarixi, belə cərayan və məktəblərə və onların ideoloqlarına çox şahid olmuşdur. Belə məktəb və cərəyanların əksəriyyətinin ideya və fikirləri ya zamanındaca cəmiyyət tərəfindən inkar edilmiş, və yaxud zaman keçdikcə öz dəyər və əhəmiyyətini itirmişdir. Deməli, bu cərəyanların heç birinin məram və məqsədləri, bəşərin fitrətinə uyğun olmamış və onların ehtiyaclarına cavab verməmişdir. Bəşər həqiqətdə öz fitrətinə uyğun olub və ehtiyaclarına tam cavab verən məktəb və rəhbər axtarışındadır. Örnək ideoloji məktəb, insanın fitrətində olan həqiqətlərdən agah olmalı, onların ehtiyaclarını bilməli və həqiqətdə onların nəyi arayıb-axtardığını onlara anlatmalıdır. Biz bəşər tarixinə nəzər saldıqda, bunu yalnız vəhy məktəbində və ilahi din olan İslam dinində görə bilərik. Yalnız vəhyə söykənən məktəb bəşərin ehtiyaclarını tamamilə ödəmə qabiliyyətinə və yalnız ilahi səfirlər bəşərə nümunə olacaq keyfiyyətlərə malik ola bilərlər. Çünki vəhyə söykənən məktəb bəşərin tamamilə varlığını əhatə etdiyi üçün onu səadətə çatdıracaq yolları çox aydın şəkildə onları bildirir və o məktəbin peyğəmbərləri də bu yolu aşkar bir nümunə olmaqla əzm və səbrlə gedirlər.
 Bütün peyğəmbərlərin həyatı dediklərimizi təsdiq etmək üçün açıq-aydın bir dəlildir. Peyğəmbərlərin əsas məqsəd və məramı insanları iman və ibadət ilə Allaha doğru dəvət etmək və axirətə səsləyiş olmuşdur. Lakin onların işi yalnız dəvət və çağırışla məhdudlaşmamış, vücudları ilə bu səadət yolunun əməli davamçıları olmuşlar. Bu ilahi səfirlik silsiləsi nəticədə öz son həddinə çatmış, Hz.Muhəmməd (s)-ın seçilməsi ilə kamilliyi yetişmişdir. O, son olaraq bəşəriyyətə nicat yolunu göstərən kamil bir insan olmuşdur. Yer üzündə həyatın sonuna qədər insanlar kamilliyi, ülvi dəyərləri bilmək və qazanmaq üçün Hz.Muhəmmədi tanımalı, onun əxlaqı ilə əxlaqlanmalıdır.
 Bu əxlaqi gözəllikləri ilk olaraq bizə Quran tanıtdırır. Quran ilk növbədə ümumi olaraq Peyğəmbəri örnək olaraq tanıtdırır.Əhzab surəsinin 21-ci ayəsində oxuyuruq: “Həqiqətən Allah rəsulunda sizin üçün, Allaha, qiyamət gününə ümid edənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəklər vardır.” Quran bu ayə ilə ümumi olaraq peyğəmbərimizi insanlığa örnək kimi göstərir və nümunə arayanları Peyğəmbərə doğru yönəlməyə səsləyir. Ona görə də doğru yola yönəlmək istəyən insanlar Peyğəmbərdə olan nümunəvi dəyərlərin nədən ibarət olmasından xəbərdar olmalıdırlar. Bunu bilməyin yolu isə Hz.Muhəmmədin həyatını, tarixini, sünnətini və onu gözəl şəkildə vəsf edən Quranı bilməkdən keçir. Əlbəttə, Peyğəmbərdə insanlığa nümunə olacaq dəyərləri sayıb-qurtarmaq mümkün deyildir. Lakin biz burada bizim üçün çox önəmli və əhəmiyyətli olan bir neçə nümunəni qeyd edəcəyik.
 Həyatımız boyu Allah rəsulundan nümunə alaraq götürəcəyimiz ən böyük dəyər istiqamətə sahib olmaqdır. Allah rəsulu (s) bütün həyatı boyu böyük hədəfə yönələn istiqamətə malik olmuşdur. Onu məqsədinə yetişdirən, məramının nədən ibarət olmasını izah etməyə müvəffəq edən də istiqamətli bir insan olmasıdır. Allah rəsulunun həyat istiqaməti onu axirətə doğru yönəldən yol olmuş və bu istiqamətdə qarşılaşdığı bütün maneə və sədləri də çox böyük məharətlə keçmişdir. Quran peyğəmbərin istiqaməti haqqında belə buyurur: “(Ey Muhəmməd! Əgər sənə Allahın lütfü və rəhməti olmasaydı, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdılar. Halbuki, onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil etdi və bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür.”
 Bu ayənin məğzindən bir neçə həqiqət aydın olur:
 1. Quran Hz.Muhəmməd (s)-ın düzgün istiqamət üzərində olduğunu bildirir və bunu Allah tərəfindən ona əta olunmuş lütf və rəhmət kimi dəyərləndirir.
 2. Bir dəstə insanın Peyğəmbəri bu düzgün istiqamətdən döndərməyə çalışmaq istədiklərini və bu yolun qarşısında böyük maneələr yaratdıqlarına işarə edir. Sonra isə bu maneələrin Peyğəmbərin istiqamətinə heç bir zərər vura bilməyəcəyini bəyan edir. Çünki Allah bu maneələri dəf etmək üçün Öz rəsulunu bir neçə şeylə qüvvətləndirmişdir. Onlardan birincisi Qurandır. Allah Quranla peyğəmbəri qüvvətləndirmişdir. Sonra, Peyğəmbərə haqqı batildən seçmək üçün hikmət bəxş etmişdir. Peyğəmbərə bilmədiklərini də, yəni qeybi həqiqətləri öyrətmişdir. Deməli, bunlar peyğəmbərə öz yolunda istiqamətli olması üçün maneələr və çətinliklər qarşısında yardım etmişdir. Allahın kitabı, peyğəmbərin həyatında onun üçün bir nur rolunu oynamış, zülmətlə qarşılaşdıqda ona yol göstərmişdir. Bu gün bəşəriyyət müxtəlif zülmət və qaranlıqlarla üzləşir. Bu zülmətlər insanlığı öz həqiqi yolunda istiqamət götürməkdə maneçilik törədir. Bəşər bu maneəni dəf etmək üçün Peyğəmbəri özünə örnək qərar verməli və yalnız Qurana söykənməlidir.
 Peyğəmbəri bu istiqamətli həyatında qüvvətləndirən amillərdən biri də Quranın da bəyan etdiyi kimi yəqinlikdir. Peyğəmbər qeybi həqiqətlərə agah olmaqla yəqinlik mərtəbəsinə ucalmışdır. Düzgün yolda tərəqqi etməkdə insan üçün yəqinlikdən böyük fəzilət yoxdur. Əhli-Beyt imamları (a)ndan söylənilən hədislərdə də yəqinlikdən üstün bir fəzilətin olmadığı bəyan edilmişdir. Allah rəsulu (s) nun həyatı tamamilə yəqinlikdən ibarətdir. Onun əzmlə, fədakarlıqla apardığı küfrə qarşı mübarizəsinə diqqət edin; müşriklər arasında böyük nüfuza malik olan bir neçə şəxs, Peyğəmbərin əmisi Əbu Talibin yanına gələrək himayəsində olan qardaşı oğlunun, təbliğ etdiyi etiqadından əl çəkməsini tələb edirlər. Onlar Hz. Muhəmməd (s)-a Məkkənin rəisliyini, nə qədər var-dövlət istəyirsə verəcəklərini təklif edirlər. Əks təqdirdə isə Peyğəmbəri böyük məhrumiyyətlərlə üzləşəyi barədə təhdidlər edirlər. Lakin vədlər və təhdidlər Peyğəmbərin istiqamətinə zərrə qədər də olsa təsir göstərmir. Allah rəsulu onların cavabında belə buyurur: “Əgər Günəşi sağ əlimə, Ayə da sol əlimə versələr, öz məqsədimdən dönmərəm.” Bu gücü və qüvvəni zahirən köməksiz görünən Peyğəmbərə verən onun Allahın qüdrətinə olan yəqinliyi və axirətə olan şübhəsiz inamı idi. Yalnız bu inam və yəqinlik, müşriklərin zahiri güc və qüvvələrini insanın gözündə kiçildib məhv edə bilər. Allah Rəsulu bu əxlaqı ilə insanlığı öyrədir ki, “Ey bəşər! İnsanı məqsəd və məramına yetişdirən onun var-dövlətə, gücə və məqama sahib olması deyil, gedəcəyi məqsədə, yəqinliklə iman gətirməsi, etiqad etməsidir.” Şübhəsiz ki, Peyğəmbər (s) çox böyük istiqamətə sahib olan insan idi və bu yolda çox əzmkarlıqla səy edərək, bir dəstə insanı da öz ardınca aparırdı. Lakin bu yolda Peyğəmbərin davamlı olaraq addımlamasına səbəb onun çox səbrli və sınmaz iradəyə sahib olması idi. Allah rəsulu (s)çətinliklər, bəlalar, müsibətlər qarşısında həddindən artıq səbr və iradə nümayiş etdirirdi. Onun iyirmi üç illik təbliğatı və bu illər ərzində qarşılaşdığı bütün hadisələr, onun son dərəcə böyük səbrə tə təmkinə sahib olduğunu göstərir.
 Allah rəsulunun ən çətin və acınacaqlı günləri Məkkə dönəmində olmuşdur. O zamanlarda Peyğəmbərə təşkil olunan hücumlar, onun təhqirlərə məruz qalması, canının, malının, yaxınlarının çox böyük təhlükələrlə üzləşməsiadi insanın dözə bilməyəcəyi işlər idi. O həzrətə yönələn hücumlar o həddə qədər yüksəlir ki, onu və ona iman gətirən insanları zor ilə MƏkkədən xaric edirlər. Sonra onları Məkkənin kənarında olan dərənin ətrafında iqtisadi blokadaya salırlar. Məkkə əhlindən heç kim nə onlara maddi yardım edə bilir, nə də onlarla əlaqə saxlaya bilirdilər. Bu şiddətli və əzablı müddət üç il ərzində davam etdi. Müsəlmanların tamamilə ərzaqları qurtardı və onlar ölümlə üz-üzə qaldılar. Lakin Peyğəmbər ilə ona iman gətirənlərin səbr və dözümü, bu dəhşətli çətinliyi də onların gözündən yox edir və Allahın yardımı onlara nəsib olur. Deməli, bütün Məkkə müşrikləri birləşərək kiçik bir dəstəni öz etiqadından döndərmək üçün əllərindən gələn bütün güc vasitələrini işlədirlər, lakin onların səbr və əzmini qıra bilmirlər.
 Bu Allah rəsulu (s) nun yetişdiyi uca bir məqamdır. Bu, aləmlərin Rəbbi olan Allaha inamdan və təfəkkürdən yaranan bir məqamdır. Bəşər bu məqama yetişərsə, hansı müsibətlə qarşılaşmasına baxmayaraq, Allah rəsulu kimi davranacaqdır. Bu dəyərə yiyələnmək üçün mütləq Allah rəsulunun həyatından ibrət almaq lazımdır. Çünki ən çətin müsibətlərlə üzləşənlər də Allah rəsulları olmuş və o çətinliklərə səbrlə sinə gərənlər də onlardır. Allah Qurani-Kərimdə bu keyfiyyətlərə sahib olan insanları vəsf edərək buyurur: “Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. “(Ey Muhəmməd!) səbr edən şəxslərə müjdə ver. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman biz Allahdanıq və Ona tərəf qayıdacağıq!”-deyərlər.”