вторник, 23 августа 2011 г.

quran peygemberi nece tanıtdırır



Bəşəriyyəti öz ardınca aparmaq istəyən hər bir məktəb və cərəyan hər şeydən əvvəl əz öndər rəhbəri ilə tanınır. Həmin öndər rəhbər bu ideoloji məktəbin məqsəd və məramının nədən ibarət olmasını insanlara açıqlayan şəxsiyyətdir. Onun hadisələrə, həqiqətlərə, dəyərlərə verdiyi o qiymət məktəbin tərəfdarları üçün də nümunə və örnəkdir. Bəşəriyyət tarixi, belə cərayan və məktəblərə və onların ideoloqlarına çox şahid olmuşdur. Belə məktəb və cərəyanların əksəriyyətinin ideya və fikirləri ya zamanındaca cəmiyyət tərəfindən inkar edilmiş, və yaxud zaman keçdikcə öz dəyər və əhəmiyyətini itirmişdir. Deməli, bu cərəyanların heç birinin məram və məqsədləri, bəşərin fitrətinə uyğun olmamış və onların ehtiyaclarına cavab verməmişdir. Bəşər həqiqətdə öz fitrətinə uyğun olub və ehtiyaclarına tam cavab verən məktəb və rəhbər axtarışındadır. Örnək ideoloji məktəb, insanın fitrətində olan həqiqətlərdən agah olmalı, onların ehtiyaclarını bilməli və həqiqətdə onların nəyi arayıb-axtardığını onlara anlatmalıdır. Biz bəşər tarixinə nəzər saldıqda, bunu yalnız vəhy məktəbində və ilahi din olan İslam dinində görə bilərik. Yalnız vəhyə söykənən məktəb bəşərin ehtiyaclarını tamamilə ödəmə qabiliyyətinə və yalnız ilahi səfirlər bəşərə nümunə olacaq keyfiyyətlərə malik ola bilərlər. Çünki vəhyə söykənən məktəb bəşərin tamamilə varlığını əhatə etdiyi üçün onu səadətə çatdıracaq yolları çox aydın şəkildə onları bildirir və o məktəbin peyğəmbərləri də bu yolu aşkar bir nümunə olmaqla əzm və səbrlə gedirlər.
 Bütün peyğəmbərlərin həyatı dediklərimizi təsdiq etmək üçün açıq-aydın bir dəlildir. Peyğəmbərlərin əsas məqsəd və məramı insanları iman və ibadət ilə Allaha doğru dəvət etmək və axirətə səsləyiş olmuşdur. Lakin onların işi yalnız dəvət və çağırışla məhdudlaşmamış, vücudları ilə bu səadət yolunun əməli davamçıları olmuşlar. Bu ilahi səfirlik silsiləsi nəticədə öz son həddinə çatmış, Hz.Muhəmməd (s)-ın seçilməsi ilə kamilliyi yetişmişdir. O, son olaraq bəşəriyyətə nicat yolunu göstərən kamil bir insan olmuşdur. Yer üzündə həyatın sonuna qədər insanlar kamilliyi, ülvi dəyərləri bilmək və qazanmaq üçün Hz.Muhəmmədi tanımalı, onun əxlaqı ilə əxlaqlanmalıdır.
 Bu əxlaqi gözəllikləri ilk olaraq bizə Quran tanıtdırır. Quran ilk növbədə ümumi olaraq Peyğəmbəri örnək olaraq tanıtdırır.Əhzab surəsinin 21-ci ayəsində oxuyuruq: “Həqiqətən Allah rəsulunda sizin üçün, Allaha, qiyamət gününə ümid edənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəklər vardır.” Quran bu ayə ilə ümumi olaraq peyğəmbərimizi insanlığa örnək kimi göstərir və nümunə arayanları Peyğəmbərə doğru yönəlməyə səsləyir. Ona görə də doğru yola yönəlmək istəyən insanlar Peyğəmbərdə olan nümunəvi dəyərlərin nədən ibarət olmasından xəbərdar olmalıdırlar. Bunu bilməyin yolu isə Hz.Muhəmmədin həyatını, tarixini, sünnətini və onu gözəl şəkildə vəsf edən Quranı bilməkdən keçir. Əlbəttə, Peyğəmbərdə insanlığa nümunə olacaq dəyərləri sayıb-qurtarmaq mümkün deyildir. Lakin biz burada bizim üçün çox önəmli və əhəmiyyətli olan bir neçə nümunəni qeyd edəcəyik.
 Həyatımız boyu Allah rəsulundan nümunə alaraq götürəcəyimiz ən böyük dəyər istiqamətə sahib olmaqdır. Allah rəsulu (s) bütün həyatı boyu böyük hədəfə yönələn istiqamətə malik olmuşdur. Onu məqsədinə yetişdirən, məramının nədən ibarət olmasını izah etməyə müvəffəq edən də istiqamətli bir insan olmasıdır. Allah rəsulunun həyat istiqaməti onu axirətə doğru yönəldən yol olmuş və bu istiqamətdə qarşılaşdığı bütün maneə və sədləri də çox böyük məharətlə keçmişdir. Quran peyğəmbərin istiqaməti haqqında belə buyurur: “(Ey Muhəmməd! Əgər sənə Allahın lütfü və rəhməti olmasaydı, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdılar. Halbuki, onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil etdi və bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür.”
 Bu ayənin məğzindən bir neçə həqiqət aydın olur:
 1. Quran Hz.Muhəmməd (s)-ın düzgün istiqamət üzərində olduğunu bildirir və bunu Allah tərəfindən ona əta olunmuş lütf və rəhmət kimi dəyərləndirir.
 2. Bir dəstə insanın Peyğəmbəri bu düzgün istiqamətdən döndərməyə çalışmaq istədiklərini və bu yolun qarşısında böyük maneələr yaratdıqlarına işarə edir. Sonra isə bu maneələrin Peyğəmbərin istiqamətinə heç bir zərər vura bilməyəcəyini bəyan edir. Çünki Allah bu maneələri dəf etmək üçün Öz rəsulunu bir neçə şeylə qüvvətləndirmişdir. Onlardan birincisi Qurandır. Allah Quranla peyğəmbəri qüvvətləndirmişdir. Sonra, Peyğəmbərə haqqı batildən seçmək üçün hikmət bəxş etmişdir. Peyğəmbərə bilmədiklərini də, yəni qeybi həqiqətləri öyrətmişdir. Deməli, bunlar peyğəmbərə öz yolunda istiqamətli olması üçün maneələr və çətinliklər qarşısında yardım etmişdir. Allahın kitabı, peyğəmbərin həyatında onun üçün bir nur rolunu oynamış, zülmətlə qarşılaşdıqda ona yol göstərmişdir. Bu gün bəşəriyyət müxtəlif zülmət və qaranlıqlarla üzləşir. Bu zülmətlər insanlığı öz həqiqi yolunda istiqamət götürməkdə maneçilik törədir. Bəşər bu maneəni dəf etmək üçün Peyğəmbəri özünə örnək qərar verməli və yalnız Qurana söykənməlidir.
 Peyğəmbəri bu istiqamətli həyatında qüvvətləndirən amillərdən biri də Quranın da bəyan etdiyi kimi yəqinlikdir. Peyğəmbər qeybi həqiqətlərə agah olmaqla yəqinlik mərtəbəsinə ucalmışdır. Düzgün yolda tərəqqi etməkdə insan üçün yəqinlikdən böyük fəzilət yoxdur. Əhli-Beyt imamları (a)ndan söylənilən hədislərdə də yəqinlikdən üstün bir fəzilətin olmadığı bəyan edilmişdir. Allah rəsulu (s) nun həyatı tamamilə yəqinlikdən ibarətdir. Onun əzmlə, fədakarlıqla apardığı küfrə qarşı mübarizəsinə diqqət edin; müşriklər arasında böyük nüfuza malik olan bir neçə şəxs, Peyğəmbərin əmisi Əbu Talibin yanına gələrək himayəsində olan qardaşı oğlunun, təbliğ etdiyi etiqadından əl çəkməsini tələb edirlər. Onlar Hz. Muhəmməd (s)-a Məkkənin rəisliyini, nə qədər var-dövlət istəyirsə verəcəklərini təklif edirlər. Əks təqdirdə isə Peyğəmbəri böyük məhrumiyyətlərlə üzləşəyi barədə təhdidlər edirlər. Lakin vədlər və təhdidlər Peyğəmbərin istiqamətinə zərrə qədər də olsa təsir göstərmir. Allah rəsulu onların cavabında belə buyurur: “Əgər Günəşi sağ əlimə, Ayə da sol əlimə versələr, öz məqsədimdən dönmərəm.” Bu gücü və qüvvəni zahirən köməksiz görünən Peyğəmbərə verən onun Allahın qüdrətinə olan yəqinliyi və axirətə olan şübhəsiz inamı idi. Yalnız bu inam və yəqinlik, müşriklərin zahiri güc və qüvvələrini insanın gözündə kiçildib məhv edə bilər. Allah Rəsulu bu əxlaqı ilə insanlığı öyrədir ki, “Ey bəşər! İnsanı məqsəd və məramına yetişdirən onun var-dövlətə, gücə və məqama sahib olması deyil, gedəcəyi məqsədə, yəqinliklə iman gətirməsi, etiqad etməsidir.” Şübhəsiz ki, Peyğəmbər (s) çox böyük istiqamətə sahib olan insan idi və bu yolda çox əzmkarlıqla səy edərək, bir dəstə insanı da öz ardınca aparırdı. Lakin bu yolda Peyğəmbərin davamlı olaraq addımlamasına səbəb onun çox səbrli və sınmaz iradəyə sahib olması idi. Allah rəsulu (s)çətinliklər, bəlalar, müsibətlər qarşısında həddindən artıq səbr və iradə nümayiş etdirirdi. Onun iyirmi üç illik təbliğatı və bu illər ərzində qarşılaşdığı bütün hadisələr, onun son dərəcə böyük səbrə tə təmkinə sahib olduğunu göstərir.
 Allah rəsulunun ən çətin və acınacaqlı günləri Məkkə dönəmində olmuşdur. O zamanlarda Peyğəmbərə təşkil olunan hücumlar, onun təhqirlərə məruz qalması, canının, malının, yaxınlarının çox böyük təhlükələrlə üzləşməsiadi insanın dözə bilməyəcəyi işlər idi. O həzrətə yönələn hücumlar o həddə qədər yüksəlir ki, onu və ona iman gətirən insanları zor ilə MƏkkədən xaric edirlər. Sonra onları Məkkənin kənarında olan dərənin ətrafında iqtisadi blokadaya salırlar. Məkkə əhlindən heç kim nə onlara maddi yardım edə bilir, nə də onlarla əlaqə saxlaya bilirdilər. Bu şiddətli və əzablı müddət üç il ərzində davam etdi. Müsəlmanların tamamilə ərzaqları qurtardı və onlar ölümlə üz-üzə qaldılar. Lakin Peyğəmbər ilə ona iman gətirənlərin səbr və dözümü, bu dəhşətli çətinliyi də onların gözündən yox edir və Allahın yardımı onlara nəsib olur. Deməli, bütün Məkkə müşrikləri birləşərək kiçik bir dəstəni öz etiqadından döndərmək üçün əllərindən gələn bütün güc vasitələrini işlədirlər, lakin onların səbr və əzmini qıra bilmirlər.
 Bu Allah rəsulu (s) nun yetişdiyi uca bir məqamdır. Bu, aləmlərin Rəbbi olan Allaha inamdan və təfəkkürdən yaranan bir məqamdır. Bəşər bu məqama yetişərsə, hansı müsibətlə qarşılaşmasına baxmayaraq, Allah rəsulu kimi davranacaqdır. Bu dəyərə yiyələnmək üçün mütləq Allah rəsulunun həyatından ibrət almaq lazımdır. Çünki ən çətin müsibətlərlə üzləşənlər də Allah rəsulları olmuş və o çətinliklərə səbrlə sinə gərənlər də onlardır. Allah Qurani-Kərimdə bu keyfiyyətlərə sahib olan insanları vəsf edərək buyurur: “Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. “(Ey Muhəmməd!) səbr edən şəxslərə müjdə ver. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman biz Allahdanıq və Ona tərəf qayıdacağıq!”-deyərlər.”

Комментариев нет: