вторник, 29 октября 2013 г.

QEDİRİ XUM HADİSESİ

İslami ibadətlər arasında həcc mərasimi özünəməxsus bir yer tutur. Bu ibadətin müsəlman ümməti üçün çox böyük əhəmiyyəti vardır. Bu, müsəlman ümmətinin birliyini, ülfətini təmin edən yeganə mərasimdir. Hər ildə bir dəfə olmaqla dünyanın müxtəlif nöqtələrindən müsəlmanlar Allah evini ziyarət etmək məqsədilə bu müqəddəs torpağa gəlir və həcc ibadətlərini yerinə yetirirlər. Həccmərasimi müxtəlif nöqtələrdə yaşayan, müxtəlif milliyyətə və dilə mənsub olan xalqların islami ümmət halında birliyini əməli olaraq göstərən bir ibadət növüdür. Həcc mərasiminin tarixi Həzrət İbrahim ilə bağlıdır. Həzrət İbrahim Kəbə evini bina etdikdən sonra öz ümmətinə bu evi ziyarət etməyi əmr etdi. Ondan sonra onun peyğəmbərliyini qəbul edən millətlər hər il həcc mərasimi keçirməyə başladılar. Lakin əsrlər keçdikcə Hicaz və onun ətrafında olan məntəqələrdə bütpərəstlik və başqa batil dinlər yayıldığı üçün bu qeyri-islami əqidələr həcc mərasiminə də müəyyən təsirlər etmişdir. Bütpərəstliyə aid olan bir çox adət-ənənələr artıq həcc əməllərinə də sirayət etmişdir. İslam zühur etdikdən sonra Həzrət Rəsuli-Əkrəm (s) həcc ziyarətində olan bidətlərlə mübarizəyə başladı. Həzrət bu bidətləri tamamilə aradan götürmək məqsədilə hicrətin 10-cu ilində həcc mərasimini yerinə yetirmək üçün Mədinədən Məkkəyə doğru hərəkət etdi. Həmin il Peyğəmbər həcc mərasimini müsəlmanlarla birlikdə yerinə yetirdi. Bütün bidətlər aradan götürüldü. Müsəlmanlar həcc əməllərini kamil şəkildə Həzrət Rəsuli-Əkrəmdən öyrəndilər. Həcc mərasimi tamam olduqdan sonra Peyğəmbər həzrətləri yenidən Mədinəyə qayıtmağa üz tutdu. Peyğəmbərin karvanı Cuhfə vadisinə çatdıqda Qədiri-Xum deyilən bir məntəqədə Həzrət Cəbrayıl Peyğəmbərə nazil oldu və "Maidə” surəsinin bu ayəsini, "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı insanlara çatdır. Əgər çatdırmasan, Allahın risalətini tamamlamamış olarsan. Allah səni insanlardan qoruyacaq”.
Həzrət Rəsuli-Əkrəm (s) 23 il İslamı təbliğ edib, Quranda nazil olmuş şəri qanunları insanlara bəyan etdikdən sonra bu ayənin nazil olması çox ciddi bir məsələnin insanlara çatdırılmasının lüzumunu Peyğəmbərə anlatdı. Deməli, çatdırılması lazım olan bu əmr digər ilahi əmrlərdən tamamilə fərqli, ictimai və siyasi baxımdan çox əhəmiyyətli idi. Eyni zamanda bu əmrin çox əhəmiyyətli olması, onun son dərəcə ehtiyatlı və qorxulu bir əmr olduğunu da bəyan edirdi. Göründüyü kimi, Allah bu ayədə Peyğəmbərindən bu əmrin müsəlmanlara çatdırılmasını tələb edir və əgər çatdırılmadığı təqdirdə onun öz risalətini tamamlamamış olduğunu vurğulayır. Əvvəlcə biz Allah tərəfindən çatdırılması tələb olunan bu əmrin hansı bir əmr olduğunu bilməliyik. Ayənin nazil olma məqamına və əhatə etdiyi məzmuna baxsaq, görərik ki, ayə hər hansı bir şəri məsələnin və ya əxlaq və ibadət növünün çatdırılmasından xəbər vermir, çünki Peyğəmbərimiz 23 illik təbliğatı nəticəsində şəri məsələləri, fərdi və ictimai ibadət növlərini müsəlmanlara çatdırıb bəyan etmişdi. Müsəlmanlar da bu şəriətə tabe olub, öz fərdi və ictimai ibadətlərini yerinə yetirirdilər. Allah-Taalanın yenidən Peyğəmbərə ayə nazil edərək şəri və ibadi məsələləri müsəlmanlara çatdırmasını təkidlə tələb etməsinin heç bir mənası yox idi. Ayədə "Ya Peyğəmbər əgər bunu çatdırmasan, öz risalətini tamam etməmiş olarsan” – ifadəsi də bunun şəri və ibadi məsələlərdən olmamasını göstərir, çünki əgər şəri ibadi məsələlərin çatdırılmasına aid olan bir ayə olsaydı, ayədə bu ifadənin gəlməsinin heç bir mənası olmazdı, çünki Peyğəmbərimiz 23 illik risaləti dövründə şəriət hökmlərini xalqa çatdırmışdı. Buna görə də "Ya Peyğəmbər, əgər bu əmri xalqa çatdırmasan, öz risalətini tamamlamamış olarsan” kəlməsi sübut edir ki, ayədə çatdırılması vacib olan məsələ müsəlmanların bilmədiyi ciddi bir məsələ idi. Ayənin sonunda "Ya Peyğəmbər, Allah səni insanların şərindən qoruyacaqdır” ifadəsinin olması da, bunun şəri hökmlərə aidiyyatının olmamasını açıqca bəyan edir, çünki şəri hökmlərin çatdırılmasında Peyğəmbərə qarşı heç bir çətinlik və qorxu üz verməmişdir. Əksinə, müsəlmanlar hamılıqla Peyğəmbərin əmr etdiyi bütün fiqhi və şəri qanunlara tabe olmuş və bu barədə o Həzrətə qarşı etiraz etməmişlər. Deməli, şəri məsələləri çatdırmaqda Peyğəmbərimiz təhlükə və qorxu ilə üzləşə bilməzdi. Lakin biz tarixi mənbələrə və təfsir kitablarına müraciət etsək, bu ayənin nazil olma səbəblərini və məqsədini aydın şəkildə görərik. Əslində ayə nübüvvət həqiqətinin davamı və təkmili olan imamət məsələsini bəyan edir, çünki Peyğəmbərdən sonra ümmətə başçılıq edəcək bir rəhbərə cəmiyyətin ehtiyacı var idi. Həmin rəhbər ümmət arasında Allah tərəfindən təyin olunmuş imamdır ki, Peyğəmbərdən sonra ümmətə rəhbər olmalı, onun risalətinin təbliğini öz öhdəsinə götürməlidir. İlahi qanunları çatdırmaq üçün peyğəmbərlərin göndərilməsi Allah tərəfindən seçildiyi üçün onların canişinləri də Allah tərəfindən təyin olunmalı idi. Deməli, Qədiri-Xumda Peyğəmbərimizə nazil olan bu ayə Peyğəmbərdən sonra onun canişininin təyin olunmasını bəyan etmək üçün nazil olmuşdur. Ümmətin Peyğəmbərdən sonra rəhbərsiz qalması qeyri-mümkün olduğu üçün Allah Peyğəmbərinə "Əgər sənə nazil etdiyimizi müsəlmanlara çatdırmasan, öz risalətini tamama yetirməmiş olarsan” , – deyə buyurur. Göründüyü kimi, bu məsələ çox ciddi və əhəmiyyətli bir məsələ olduğuna görə Allah-Taala onun, məxsusən bu gündə – müsəlmanların hamısının cəm olduğu və hamısının iştirak etdiyi bir yerdə bəyan edilməsini istəmişdir, çünki bütün müsəlmanlar bu məsələyə şahid olmalı və öz vətənlərinə qayıtdıqdan sonra həqiqəti digərlərinə söyləməli idilər. Lakin illər boyu Peyğəmbərin içində saxladığı bu məsələnin açıq şəkildə bütün müsəlmanların qarşısında elan edilməsi və Həzrət Əli (ə)-ın bu məqama təyin olunması çoxlu etirazlara səbəb ola bilərdi. Ona görə də bu məsələni bəyan etməkdə Peyğəmbərimiz insanlardan həddən artıq ehtiyat etdiyi üçün Allah onu insanların şərindən hifz edəcəyini bildirir. Lakin heç bir şəri məsələni bəyan etməkdə Peyğəmbərimiz insanlardan ehtiyat etməmiş və qorxmamışdır.
Ancaq yüz min insanın iştirak etdiyi bir yerdə bir nəfəri açıq-aydın xilafət məqamına təyin etmək həddən artıq xətərli və qorxulu bir iş idi. Ona görə də Allah Özü bu işdə Peyğəmbərini hifz edəcəyinə söz verir.
Bu ayə nazil olduqdan sonra Peyğəmbər dayanmaq əmrini verdi. Yüz min nəfərlik müsəlman icması bu məntəqədə dayandı. Peyğəmbər əvvəlcə bütün müsəlmanlarla birlikdə zöhr namazını qıldıqdan sonra xütbə söyləmək üçün hündür bir yerə çıxdı.
Məşhur və mötəbər tarixçi Yəqubi öz tarixində bu hadisəni qeyd edərək deyir ki, hicrətin 10-cu ili, zilhicccə ayının 18-ci günü Həzrət Rəsuli-Əkrəm Qədiri-Xum deyilən bir yerdə bütün müsəlman icmasının qarşısında xütbə söyləyərək buyurdu: "Ey möminlər məgər mən möminlərə onların öz nəfslərindən də üstün deyiləmmi?” Bütün möminlər: "Bəli, ey Allahın Rəsulu”, – dedilər. Sonra Allah Rəsulu Əli (ə)-ın əlini yuxarı qaldıraraq belə buyurdu: "Mən kimin mövlası və ağasıyamsa, Əli də onun mövlası və ağasıdır. Allahım! Ona dost olana Sən də dost ol. Ona düşmənçilik edənə Sən də düşmənçilik et” .
Peyğəmbərin böyük kütlə qarşısında söylədiyi bu hədis açıq-aydın yuxarıda zikr etdiyimiz ayənin məzmununu bəyan edir. Peyğəmbər həzrətləri bu sözü ilə Əli (ə)-ı müsəlman ümmətinə özündən sonra rəhbər təyin etdi. Bütün müsəlmanlardan o Həzrətin vilayətini təsdiq etmək üçün ona beyət etmələrini tələb etdi. Birinci olaraq Ömər ibn Xəttab beyət edərək dedi: "Mübarək olsun! Mübarək olsun bu vilayət, ey Əli! Bu gündən mənim və bütün müsəlman kişi və qadınların vəlisi oldun!” Sonra bütün müsəlmanlar bir-bir o gün Həzrət Əli (ə)-a beyət etdilər. Yəqubi öz tarixində Peyğəmbərin xütbə əsnasında söylədiyi digər bir hədisə işarə edərək deyir. Peyğəmbər sonra buyurdu: "Ey insanlar, siz o gün (Qiyamət günü) hovuzun ətrafında mənə yetişdikdə mən sizdən iki ağır şey barəsində soruşacağam. Bəs agah olun ki, məndən sonra o iki şey barəsində necə rəftar edəcəksiniz?” Soruşdular: "Ey Peyğəmbər! O iki ağır şey nədir?” Həzrət buyurdu: "Birincisi Allahın Kitabıdır. Ondan möhkəm yapışın ki, zəlalətə düçar olmayasınız. İkincisi isə mənim itrətimdir, yəni Əhli-Beytimdir”. Deməli, xütbədəki bu sözü ilə də Allah Rəsulu müsəlmanları Allahın Kitabı olan Qurana və öz Əhli-Beytinə itaət etməyə dəvət edirdi.
Qədiri-Xum günündə Peyğəmbərimizin söylədiyi xütbə əslində özündən sonra müsəlman ümmətinin müqəddəratını həll edirdi. Bu xütbə ilə Həzrət Rəsuli-Əkrəm müsəlman ümmətinin qurtuluş və nicatının onları bir vəhdət halında Allahın Kitabına və Əhli-Beyt imamlarına söykənmələrində olduğunu bəyan etdi. Ona görə də özündən sonra bu iki ağır şeylə rəftarda çox diqqətli olmalarını tələb etdi və Qiyamət günündə onlardan bu iki şey barəsində soruşacağını bildirdi.
(Dadash ELİBEYLİ)