суббота, 8 октября 2011 г.

Logmanin ogluna nesiheti






Loğmanı Həkim, oğuluna tövsiyəsində belə dedi:

"Oğulum! Xalqın istəyinə, onların tərifləmə və ya qınamalarına baxaraq hərəkət etmə; çünki insan, onları razı etmək üçün hər nə qədər səy sərf etsə də hədəfinə çata bilməz və onları məmnun edə bilməz."

Oğulu da Loğmana belə dedi: "Sizin sözünüzün mənası nədir? Onun üçün bəzi nümunələr vermənizi və ya bəzi əməl və sözləri mənə göstərmənizi istəyirəm."

Loğman, oğulundan özüylə çölə çıxmasını istədi. Bu məqsədlə, bir eşşəklə birlikdə evdən çölə çıxdilar. Atası eşşəyə mindi, oğulu da onun ardından piyada olaraq gedirdi. Bir yoldan keçərkən orada toplanmış bir qrup insanlar öz aralarında, onların haqqında belə dedilər: "Bu şəfqətsiz ataya baxın; özü eşşəyə minmiş, uşağını isə öz arxasından salaraq piyada olaraq aparıb gedir. Bu adamın hərəkəti nə qədər də çirkin bir hərəkətdir!"

Bu sırada Loğman oğuluna dönərək belə dedi:

"Bunların sözlərini eşitdinmi? Mənim eşşəyə minib sənin də piyada olaraq yanımda getməyini pis bildilər."

Oğulu da; "Bəli, eşitdim" dedi.

Sonra Loğman oğuluna dedi ki:

"Oğulum! İndi də sən eşşəyə min mən piyada olaraq sənin arxandan gəlim."

Oğulu atasının sözü üzərinə eşşəyə mindi, ata da piyada olaraq onunla hərəkət etdi. Yenə digər bir qrupla qarşılaşdılar. Onlar da belə dedilər:

"Bu ata nə qədər də pis, oğulu da nə qədər ədəbsizdir! Atanın pis olması; uşağını yaxşı tərbiyə etməmiş olmasındandır. İşdə bundan ötəri o eşşəyə minmiş, ata da piyada olaraq onun ardınca gedir; halbuki ataya hörmət üçün özünün deyil atasının minik üzərində olması lazım idi. Oğulun ədəbsizliyi, atasına hörmətsizliyidir. Buna görə hər ikisinin də hərəkəti pisdir."

Loğman oğuluna; "Bunların da sözlərini eşitdinmi?" dedi.

O da; "Bəli" dedi.

Loğman bu dəfə də belə dedi: "Gəl, indi də hər ikimiz miniyə minək."

Hər ikisi eşşəyə minib hərəkət etdilər. Az sonra, digər bir qrupla qarşılaşdılar. Onlar da öz aralarında belə dedilər: "Bu iki şəxsin ürəyində mərhəmət deyə bir şey yoxdur; hər ikisi bu heyvana minmişlər, yazıq heyvanın bunların ağırlığından beli qırılır; əgər biri minib digəri piyada getsəydi yaxşı olardı."

Loğman oğuluna dönərək; "eşitdinmi?" dedi.

Oğulu da; "Bəli, eşitdim" dedi.

Loğman daha sonra belə dedi:

"İndi heç birimiz heyvana minmədən onunla piyada olaraq gedək."

Bu qərar üzrə, eşşəyi önə salıb özləri də onun arxasından getməyə başladılar. Yenə xalq onları, heyvandan faydalanmadıqları üçün qınadılar.

Bu əsnada Loğman oğuluna dönərək belə dedi:

"Görəsən, xalqın razılığını kamil bir şəkildə əldə etmək üçün bir yol varmı? Buna görə də ümidini, xalqın hamısını razı etməkdən kəs və Allahın razılığını qazanmaq arxasında ol; çünki dünya və axirət xoşbəxtliyi bundadır."



Комментариев нет: