İnsan öz iradəsindən asılı olmayaraq təfəkkür etməyə məcbur olan bir varlıqdır. Yəni heç bir zaman, bir an da olsun belə, təfəkkür və düşüncəni özümüzdən uzaqlaşdıra bilmərik. İnsan vücudunda bəzi keyfiyyətlər və xüsusiyyətlər onun iradəsindən asılı, bəziləri isə onun iradəsindən asılı deyildir. Onun xilqəti ilahi qüdrət tərəfindən qoyulduğu üçün, fikir və düşüncə üzərində yoğrulubdur. Təfəkkürsüz insanın yaşaya bilməsi dözülməz bir hadisə olduğu kimi, onun insana əta olunması da böyük əhəmiyyət kəsb edir. Buna görə də Qurani-Kərimin ayələrinə, Peyğəmbər (s) və Əhli-Beyt (ə) imamlarının hədislərinə diqqət yetirsək, görərik ki, mənbələrdə təfəkkürə çox böyük dəyər verilmişdir. Allah insanı bu nemətdən istifadə edərək kainat aləmində və öz vücudunda həkk olunmuş ilahi qüdrət nişanələrini düşünərək görməyə çağırmışdır. Eyni zamanda insanın xilqəti də ətraf aləm ilə bir uyğunluq və tənasübdə yaradılmışdır. Biz insanlar ətraf aləm ilə çox dəqiq bir şəkildə qoyulmuş qanuna tabe olaraq ünsiyyətdəyik. Fikir və düşüncəmiz də cismimiz kimi hər an ətrafda bizi əhatə edən aləmlə ünsiyyətdədir. Deməli, kainatda gedən proses və hadisələr bizim düşüncəmizin fəaliyyətində böyük təsirlər qoymaqdadır.
Qurani-Kərimin də bəşərə etdiyi xitablara nəzər salsaq, görərik ki, o da bizim nəzərimizi kainat aləmində cərəyan edən və hər an bizimlə ünsiyyətdə olan hadisələrə yönəldib, həqiqətləri düzgün şəkildə əks etdirməyimizi tələb edir. Allah Quranın Fussilət surəsinin 53-cü ayəsində buyurur: “Quranın haqq olduğu onlara bəyan olsun deyə, biz öz ayələrimizi (nişanələrimizi) onlara, həm xarici aləmdə, həm də onların öz vücudunda mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!” Bu ayə, insan əqlinə və düşüncəsinə xitab edərək, onun Allahın kainatda və onun vücudunda qoyulmuş nişanə və ayələri görməyə və onların hikməti barəsində düşünməyə çağırır.
Ali-İmran surəsinin 190-191-ci ayələrində isə belə buyurulur: “Həqiqətən, göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsində, ağıl sahibləri üçün qəti dəlillər vardır. O kəslər ki, ayaq üstündə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzablarından qoru!”
Deməli, Quranın məntiqinə əsaslanaraq söyləmək mümkündür ki, insanın sağlam ruhda formalaşması üçün onun göylər və yer aləmində gedən hadisələr barəsində təfəkkür etməsi lazımdır. Bu şeylər üzərində Quranın təfəkkür etməyə dəvət etməsinə gəldikdə isə, deməliyik ki, əgər insan kainatda və öz vücudunda baş verən hadisələrdə düşünməsə, onun üçün həyatında və yaşayışında heç bir məna olmayacaqdır. Çünki həyatın mənasının kəsb olunması, varlıq aləminin yaradılış qayəsinin tanınmasına və öyrənilməsinə bağlıdır. Deməli, varlıq aləmi içərisində insanları hidayət edən, elm öyrədən bir məktəb, bu aləmdə təzahür edən ilahi qanunlar isə bir tədris proqramıdır. İnsan öz yaradılışının mənasını anlamaq üçün mütləq bu məktəbə daxil olmalı və öz müəlliminin göstərdiyi yol ilə getməlidir. Yox, əgər insan bu varlıq aləminin bir məktəb olmasına etiqad etməzsə, burada baş verənlər barəsində düşünməyəcək və həyatın mənasını anlamadan bihudə və mənasız bir həyat sürəcəkdir. Deməli, Quranın məntiqilə desək, göylər və yer aləmi barəsində edilən təfəkkür sonda insanı bir hikmətli sənətkarın hədəfli işinə doğru hidayət edəcəkdir. Çünki içində hikmət və elm nişanələri əks etdirən hadisələrlə, təsadüflər və müəyyən bir nizama tabe olmayan işlərin bir-birindən ayrılması zehni təfəkkürün də nəticəsi ilə hasil olan bir həqiqətdir. Biz əgər, bizi əhatə edən aləmə hər hansı bir mövcudun müdaxiləsini dərk etsək, başdan-başa hikmət dolu sirlər və müəyyən bir hədəfə xidmət edən mənalar görərik. Məsələn, hər hansı bir meyvə ağacı öz yetişdirdiyi meyvəsi ilə bir hədəf və məqsədə xidmət edir. O, öz işiylə ağıl sahibi olan insanları işində düşünüb nəticə hasil etməyə dəvət edir. Sanki öz işi ilə deyir: “Ey insan, sənin üçün hasil etdiyim bu ləziz və gözəl görünüşlü qida barəsində düşün. Onun nə qədər böyük zəhmətlər hesabına, öz elmim və ağlımla torpağın içində olan faydalı maddələrdən soraraq, sənin üçün gözəl bir qida olsun deyə yetişdirdiyimi unutma. Bununla mən ilahi qüdrətin məna əta etdiyi nizam və hikməti zahir etməkdən başqa bir iş görmədim. Bu işimlə sənə kainat aləmində hər bir işin əbəs yerə deyil, sonsuz bir qüdrətin tərtib etdiyi dəqiq bir nizama tabe olduğunu və müəyyən bir hədəfə xidmət etdiyini anlatmaq istədim.”
Ən kiçik zərrədən tutmuş ən böyük kainat cisimlərinə qədər hər bir mövcud özünəməxsus bir dillə hər an insan ağlına və təfəkkürünə xitab etməkdədir.
Qeyd etdyimiz ayələrin məzmununu və misalları müzakirə etdikdən sonra bizdə belə bir qənaət hasil olur ki, Quranın məntiqinə əsasən kainatda heç bir şey əbəs və təsadüfi deyildir. Bu məntiqin insan düşüncəsində hasil olması isə, onu qərəzsiz və məhdudiyyətsiz bir əqlə söykənən sağlam təfəkkürə bağlayır. Deməli, göylər və yer aləmində təfəkkürün nəticəsi olaraq insan, kainat aləminin əbəs və bihudə yerə deyil, müəyyən bir hikmət və məqsəd üzündən xəlq olunduğunu dərk edir. Budur insanın ətraf aləm barəsində düşündüyü zaman əldə etdiyi birinci qənaət. Lakin Quran insandan kainat aləmi üzərində düşünərək bu qənaətə gəlməsi ilə bərabər digər bir şeyi də tələb edir. Bu, insanın öz düşüncəsi sayəsində varlıq aləmini bürüyən hikmət nişanələrindən özünə bir nəticə hasil etməsidir. Yəni ətraf aləmi və varlığımızı əhatə edən bu hikmət çalarları bizə nəsihət edərək, həyatımızda bir dönüş yaratmalıdır. Allah Quranın Rum surəsinin 8-ci ayəsində buyurur: “Məgər onlar öz nəfsləri üzərində və Allahın göyləri, yeri və onların arasındakıları haqq və ədalətlə müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.”
Gördüyümüz kimi, Quran göylər və yer aləminin mütləq haqq və ədalətlə yaradıldığını bəyan etməklə yanaşı, onun müəyyən bir müddətə qədər davam edəcəyinə də işarə edir. Yəni gördüyümüz kainata hakim olan nizam bir gün digərilə əvəz olunacaq. Dünyaya hakim olan nizam isə müvəqqətidir. Deməli, Quran öz məntiqilə insana kainatda hakim olan nizamın müvəqqəti olması və dünya həyatının da bir gün sona yetəcəyini anladaraq, bununla da, ona daimi bir nizamın hökm sürəcəyi, əbədi bir həyatın olacağını anlatmaq istəyir. Doğrudan da, insan əgər bu təfəkkürlə varlıq aləminə nəzər yetirsə, burada özünün müvəqqəti olduğunu anlayacaq və kainatın da bir gün ayrılacağı bir məkan olduğunu dərk etmiş olacaqdır. Bir hikmət üzündən qurulduğunu bildiyi üçün qarşıda nemətlərlə dolu sonsuz bir həyatın var olduğunu dərk edəcəkdir. Buranın da mahiyyətinin nə olması barəsində təfəkkürə səsləndiyimiz zaman anlayırıq ki, o, bizə qarşıda yeni bir həyatın olmasını bildirməkdir. Deməli, göylər və yer aləmində təfəkkür etməyin nəticəsi olaraq, insan dünya və axirət arasında bir körpü salmaq qüdrətini əldə edir. İnsan dünyanın deyil, axirətin əsl hədəf olduğunu anlamasını bu məqsədə doğru addımlamaqla nümayiş etdirmiş olur. Necə ki, Allah yuxarıda qeyd etdiyimiz ayənin sonunda insanların əksəriyyətinin öz gələcək həyatlarını inkar etdiklərini bildirir. İnsanların əksəriyyətinin bu əqidəyə sahib olmalarını onlar göylər və yer aləmində baş verən proseslər barəsində təfəkkür etməmələrindən irəli gəldiyini söyləyir. Çünki əgər insan heç bir məhdudiyyət olmadan azad şəkildə varlıq aləmi barəsində düşünərsə, mütləq onda bir dönüş yaranacaq və axirətin məqsəd olduğunu biləcəkdir. Bu da insani Rəbbilə görüş gününə hazır olmağa sövq edərək bu yolda ciddiyyətlə səy etməsinə səbəb olur. Lakin bəzi insanlar Quranın bu xitabına məhəl qoymadan hər gün Allahın yaratdığı nişanə və ayələrin yanından etinasız şəkildə keçirlər. Onlar öz həyatlarını kor və nəticəsiz bir məntiq üzərində quraraq, özlərini və onlara tabe olan insanların həyatlarını bu müvəqqəti dünya ilə məhdudlaşdırmaqla puç edirlər.Belə insanlar gülünc və dəyərsiz bir həyat yaşayıb, özlərini zamanın dəyərsiz işlərinə məftun edərək yazıq və məzlum bir vəziyyətə gətirmişlər.
Deməli, insan Quranın göstərdiyi yola tabe olub, güclü təfəkkürə söykənərək, varlıq aləmində düşünməzsə, həyatını necə qurması barədə düzgün bir nəticəyə gələ bilməz. Bu zaman insan şeytanın və nəfsinin ona gözəl göstərdiyi şeyləri məqsəd bilib, Allahın ona əta etdiyi ömür kimi gözəl bir neməti belə mənasız və puç şeylərin yolunda sərf edəcəkdir. Allah belə insanların yetişəcəkləri son nəticəni bəyan edərək buyurur: “O gün zalım (küfrə düşməklə özünə zülm edən şəxs) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki mən peyğəmbər vasitəsilə doğru bir yol tutaydım, vay halıma kaş ki filankəsi özümə dost etməyəydim. And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan o, sındırdı. Şeytan insanı yalnız buraxar.”
Deməli, düzgün təfəkkürün hasil etdiyi yolu özünə məqsəd bilməyib, şeytanın və nəfsinin ona məqsəd kimi göstərdiyi biliyin ardınca gedən insan özünə zülm etmişdir və aqibəti də budur. O, qiyamət günü həsrətdə qalar və şeytanlarla dostluq etdiyinə görə son dərəcə peşmançılıq çəkər. Lakin bu peşmançılığın onun həyatı üçün heç bir faydası olmaz. O, dünyada azad buraxılmış və ona hadisələri düzgün təhlil edərək, onlardan ibrət almaq gücü verilmişdir. Lakin o, nəfsinin istəyinə tabe olaraq, bu nemətdən istifadə edə bilməmişdir. Buna görə də Quran insanı həyatın bu acı nəticəsindən xilas etmək məqsədilə dünyadan ibrət və nəsihət almağa səsləyir.
Elə bu səbəbə görə də Peyğəmbərimizdən söylənilən hədislərdə də təfəkkürə çox böyük qiymət verilmişdir. Bir hədisində o həzrət belə buyurur: “Bir saat təfəkkür etmək 60 illik ibadətdən fəzilətlidir.” Bu hədisilə peyğəmbər həzrətləri (s) təfəkkür nəticəsində yuxarıda söylədiyimiz nəticələrin hasil olacağına işarə edir. Çünki təfəkkür nəticəsində insan həqiqətdə kim üçün ibadət etdiyini anlayır. Belə bir insanın ibadəti də düşünülmüş və məqsədyönlü olar. Təfəkkürsüz ibadət isə insanın həyatında məqsədyönlü bir nizam yarada bilmir və ibadətin əsl qayə və hədəfini anlamaqdan məhrum edir.
Deməli, insan Quran və hədislərə əsaslandığı təqdirdə dünya və axirət səadətini qazanacaq. Əsl həyat düşüncə və təfəkkürə söykənən həyatdır.
Комментариев нет:
Отправить комментарий